Maliyyə hesabatlarının qısa izahı | Banco.az

Maliyyə hesabatlarının qısa izahı

Maliyyə hesabatları mühasibat uçotu prosesinin bir məhsuludur. Bu hesabatlar eyni zamanda hər hansı bir müəssisəyə aid olan maliyyə məlumatlarının rəsmi ötürülmə üsulu hesab olunur. Ötürülmə dedikdə, sözü gedən məlumatların müxtəlif məqsədlər güdən və fərqli ixtisas və peşə mənbələrindən qaynaqlanan insan qruplarına ötürülməsi nəzərdə tutulur.

 Məsələn, maliyyə hesabatlarını kifayət qədər dərindən qavraya bilmək sizə, kənar bir şəxs olaraq həmin biznesə (müəssisəyə) yatırım etmək, borc vermək və ya kredit ayırmaq kimi qərarlarda yardımçı ola bilər. Müəssisə rəhbərliyi isə öz növbəsində idarə etdikləri şirkətin maliyyə hesabatlarını araşdıraraq əldə edilən məlumatlardan biznesin gedişatını dəyərləndirmək, qarşıdan gələn dövrlər üçün strateji planlar qurmaq, nəticələrdən asılı olaraq rəhbərliyə ödənilən maddi mükafatların həcmini müəyyən etmək və sairə vacib qərarların verilməsində istifadə edə bilərlər. Qısaca olaraq, maliyyə hesabatları əksər biznes qərarlarının verilməsində istifadə olunan önəmli məlumat mənbəyidir.

Üç əsas maliyyə hesabatı vardır və onları aşağıda nəzərdən keçirə bilərsiniz:

  • 1. Balans hesabatı (ingiliscə "balance sheet"),
  • 2. Mənfəət və zərər haqqında hesabat (ingiliscə "profit and loss statement)",
  •  3. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (ingiliscə "cash flow statement)".

Maliyyə hesabatlarının məqsədi:

Mühasibatlıq prosesi zəminində əmələ gələn məlumatların hesabat halına gətirilməsində məqsədin nədən ibarət olmasından söz açmaq istərdim. Bu məqsədlər aşağıdakılardan ibarətdir:
• İnvestisiya və kredit ayırma qərarlarında faydalı olan məlumatların təmin edilməsi
• Pul vəsaitlərinin axını ilə bağlı perspektivin dəyərləndirilməsində faydalı olan məlumatların təmin edilməsi
• Biznesin vəsaitləri, bu vəsaitlərə olan iddialar və iddialara aid dəyişikliklər barədə məlumatın təmin edilməsi

Ən sərfəli kredit üçün müraciət et

Burada “məlumatların təmin edilməsi” ifadəsi maliyyə hesabatlarının əsas hədəflərindən biridir. Digər sözlə, maliyyə hesabatları vasitəsilə təmin edilmiş məlumatlar növbəti sualların cavablandırılmasında faydalı ola bilər:

  • Biznes gəlirlidir?
  • Biznes özünün əsasını təşkil edən əməliyyatlar üzrə fəaliyyətdən kifayət qədər pul axını əldə edə bilir?
  • Biznes arta bilmişdir? Əgər müəssisə böyümüşdürsə, bu hansı yollarla baş vermişdir? Müəssisənin gəlirləri hesabına, təsisçi tərəfindən əlavə yatırımlar vasitəsilə yoxsa borc götürərək?
  • Biznes özünün cari borc və öhdəliklərini ödəmək üçün kifayət qədər pul axını əmələ gətirə bilir? 
  • Biznesin uzun müddətli borc və öhdəlikləri ödəmək iqtidarında qala bilmə ehtimalı nə qədərdir?
  • Biznesin vəsaitləri nədən ibarətdir və bu vəsaitlərin həcmi nə qədərdir? Biznesin vəsaitlərinə olan iddialar hansılardır? Bu iddiaların həcmi nə qədərdir?

Bu suallardan bir çoxuna cavab birbaşa olaraq maliyyə hesabatlarında təqdim olunan məlumatlarda və ya dolayı yolla maliyyə hesabatlarında rast gəlinən elementlərin qarşılıqlı əlaqəsini və digər xüsusi qeydləri incələməklə tapıla bilər. Tapılan cavablar isə sizə hər hansı bir biznesi satın almaq və ya səhmdara çevrilərək o biznesə yatırım etmək kimi qərarları icra etməkdə kömək edəcəkdir Bundan əlavə bu cavablar sizə hər hansı bir biznesə kredit ayırmaq və ya artıq ayırmış olduğunuz borcun qaytarılma ehtimalını yenidən nəzərdən keçirmək baxımından əhəmiyyətlidir.

Müəllif: Rüfət Axundov/ Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et