Maliyyə Bazarlarına Nəzarət Palatası reydlərə başladı | Banco.az

Maliyyə Bazarlarına Nəzarət Palatası reydlərə başladı

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) reydlərə başlayıb. Söhbət qanunsuz sığorta endirimləri təklif edən sığorta şirkətləri və agentlərdən gedir.

Sığorta bazarında əldə edilən məlumata görə, bununla bağlı ilk reyd regionlardan başlayıb. Aprel ayının 4-5-də Gəncə və Şəmkir şəhərlərində qanunsuz sığorta endirimləri ilə bağlı yoxlamalar aparılıb. 

Belə reydlərin digər regionlarda da davam etdiriləcəyi gözlənilir. Palatadan isə bildirilib ki, reydlərlə bağlı məlumat veriləcək.

Xatırladaq ki, sığorta bazarından çox saylı şikayətlərdən sonra MBNP bu ildən etibarən qanunsuz sığorta endirimləri ilə bağlı sanksiyaları daha da sərtləşdirib. 

Qanunsuz sığorta endirimi edən agentlərə qarşı ilkin olaraq 3000-4500 manat həcmində cərimə tətbiq edilir. Bu hal növbəti dəfə təkrarlanarsa, sığorta agenti lisenziyası müvəqqəti, daha sonra isə birdəfəlik ləğv edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, qanunsuz sığorta endirimləri tətbiq edən sığorta şirkəti rəhbərinə qarşı da ciddi sanksiyalara başlanılıb. Belə ki, bununla bağlı neqativ hal aşkarlanarsa, şirkət rəhbəri əvvəlcə müvəqqəti, daha sonra isə birdəfəlik vəzifəsindən uzaqlaşdırıla bilər.

Qeyd edək ki, bəzi sığorta şirkətlərinin hələ də bazarda böyük məbləğdə sığorta endirimlərini davam etdirildiyi bildirilmişdi. Hətta avtomobillərin icbari sığortası üzrə müştərilərə verilən endirimlərin 30%-dək yüksəldiyi açıqlanmışdı. 

Nəticədə bununla bağlı mart ayının 14-də Palata sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirib və bu məsələ ilə bağlı ciddi tapşırıq verilib.

Mənbə: Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et