Müəllif:Ayşən İmanova/Banco.az
Maldiv adaları hökuməti büdcəni doldurmaq üçün turistlərdən vergiləri artırmaq qərarına gəlib.
Banco.az xəbər verir ki, söhbət “yaşıl” vergi, turist vergisi, hava limanı xidmət haqları və turizm malları və xidmətləri vergisindən gedir.
Qeyd olunub ki, gələn ilin yanvarın 1-dən hər bir turistdən oteldə və ya digər yerləşdirmə obyektində qaldıqları üçün tutulan "yaşıl" vergi iki dəfə artacaq. 50-dən az otaqlı qonaq evlərində və otellərdə qalan turistlər üçün vergi gündəlik 3 dollardan 6 dollara qədər, böyük kurortlarda qalanlar üçün isə 6 dollardan 12 dollara qədər artırılacaq.
Bu ilin dekabrın 1-dən isə ölkəyə giriş haqqı və hava limanının inkişafı haqqı artırılacaq. Belə ki, ekonom sinif sərnişinləri üçün vergi 30 əvəzinə 50 dollar, yəni cəmi 100 dollar olacaq. Biznes sinif sərnişinləri üçün - əvvəlki 60 əvəzinə 120 dollar, cəmi 240 dollar təşkil edəcək. 2025-ci il iyulun 1-dən turizm malları və xidmətləri üzrə vergi isə 16%-dən 17%-ə yüksələcək.
Xaricə səyahət edən arxipelaq sakinləri üçün tariflər ekonom sinifdə səyahət edərsə, 12 dollar səviyyəsində qalacaq. Amma biznes, birinci dərəcəli və şəxsi təyyarə sərnişinləri üçün ödənişlər əcnəbilər üçün olduğu kimi artacaq.
Qeyd edilib ki, turist vergilərinin artırılmasının xəzinəyə 175 milyon dollar əlavə gəlir gətirəcəyi gözlənilir. Maldiv Turizm Sənayesi Assosiasiyası bu tədbirlərə qarşı çıxıb.