Müəllif:Mehin Qasımova,Banco.az
Macarıstan Paks Atom Elektrik Stansiyasında elektrik enerjisi istehsalının bərpasından sonra avqustun əvvəlində elan etdiyi enerji böhranına son qoyub.
Macarıstan hökumətinin açıqlamasına görə, Paks AES-də əməliyyatların bərpasından sonra ölkənin elektrik təchizatı normallaşıb.
Milli ötürmə sisteminin operatoru Mavir də elektrik stansiyalarında istehsalın normal səviyyəyə qayıtdığını və enerji sisteminin sabit fəaliyyət göstərdiyini açıqlayıb.
Mavir bildirib ki, mövcud generasiya gücləri və ehtiyatlar hesabına elektrik şəbəkəsinin balansı və enerji təchizatının etibarlılığı artıq normal iş şəraitində təmin olunur. Bununla əlaqədar böhran statusu ləğv edilib.
Xatırladaq ki, avqustun əvvəlində Paks Atom Elektrik Stansiyasının dörd enerji blokundan üçü Dunay çayında suyun səviyyəsinin kəskin azalması səbəbindən dayandırılmışdı. Çay suyundan stansiyanın müxtəlif sistemlərinin, o cümlədən soyutma qurğularının işində istifadə olunur.
