Bu gün Böyük Britaniyanın paytaxtı Londonda xarici öhdəliklərinin restrukturizasiyasını elan edən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) beynəlxalq kreditorları ilə görüşü baş tutacaq.
Görüş London vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə 14:00) keçiriləcək. Artıq Azərbaycanın nümayəndə heyəti Londondadır.
Görüşdə Azərbaycanı maliyyə naziri Samir Şərifov, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı, ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov təmsil edəcəklər.
Bundan öncə X.Əhədov müsahibəsində bildirib ki, xarici öhdəliklərin restrukturizasiyası 37 əqdi əhatə edir.
Nyu-York Məhkəməsi ABB-nin müraciəti əsasında mayın 12-də dövlət bankının aktivlərinin xarici kreditorların ABŞ-dakı iddia tələblərindən qorunması ilə bağlı qərar qəbul edib. X.Əhədov məhkəmənin qərarını şərh edərkən bəyan edib ki, öhdəliklərin restrukturizasiyası zamanı kreditorlar ABB-nin aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək.
Restrukturizasiya olunacaq öhdəliklərin məbləği 3 mlrd. 340 mln. dollar təşkil edir.
ABB restrukturizasiya prosesini mayın 11-də elan edib. Həmin gün Maliyyə Nazirliyi bəyan edib ki, adıçəkilən qurum ABB-nin kreditorlarına xarici valyutada dövlət istiqrazları verəcək.
© APA