Lombardların sayı arta bilər | Banco.az

Lombardların sayı arta bilər

Son vaxtlar lombardların sayında ciddi artım müşahidə edilir. Üstəlik, artım təkcə sayda yox, onların təklif etdikləri kreditin faizlərində də mövcuddur. Yayılan statistik rəqəmlərə görə, son 3 il ərzində lombardlardan pul götürənlərin sayı 2.5 dəfə artıb. 2011-ci ildə Azərbaycanda 600-ə yaxın lombar fəaliyyət göstərirdisə, bu gün onların sayı 1200-ə yaxınlaşır.

Ancaq bu ilin əvvəlindən lombardların və ora üz tutanların sayında daha kəskin artım var. Bunun da səbəbi ilin əvvəllərindən etibarən Mərkəzi Bankın istehlak kreditlərinin verilməsi şərtlərinə edilən dəyişikliklərlə əlaqədardır. Banklar arayışsız kredit vermədiyindən, aşağı gəlirli insanların ən çox üz tutduğu məkan sələm xidməti və xüsusilə lombardlardır. 

İqtisadçıların fikrincə, lombardların sayının artması ehtimal olunur. 

İqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında qeyd etdi ki, lombardların sayının artmasının səbəbi Mərkəzi Bankın bank sektorunda həyata keçirdiyi sərt siyasətlə bağlıdır:

"Azərbaycanda 2011-ci ildə 600 lombard fəaliyyət göstərirdisə, indi onların sayı dörd rəqəmlə ifadə edilir. Bankların istehlak kreditləşməsini sərtləşdirməsi kredit axtaran vətəndaşları ya lombardlara, ya da sələmçilərə üz tutmağa vadar edib. Bank sektorundakı son dəyişikliklərdən əslində daha çox faydalanan da məhz lombardlardır. Əslində öncədən bəlli idi ki, Mərkəzi Bankın inzibati islahatları ya lombardların fəaliyyətinə geniş imkanlar yaradacaq, ya da banklar özləri "qara bazar" formalaşdıracaqlar. Banklar hələlik belə bazar formalaşdırmağa tələsməsələr də, lombardlar artıq, demək olar, təngnəfəs olublar.

Ən sərfəli kredit üçün müraciət et

Təbii ki, ilk baxışdan burada qeyri-adi heç nə yoxdur. Lombardlar borc verirlər, vətəndaşlar isə bundan faydalanır. Amma məsələ heç də göründüyü kimi sadə deyil. Əvvəla banklardakı "kredit böhranı" lombardların təklif etdiyi borclar üzrə faizlərin artırılmasına gətirib çıxarıb. Səbəb da sadədir. Kütləvi kredit təklif edən bank yoxdur, tələbsə yüksək olaraq qalmaqdadır. Lombardlar da bu tələbdən yararlanmağa çalışır".

İqtisadçı onu da vurğuladı ki, çoxsaylı çatışmazlıqların olmasına baxmayaraq, lombard xidmətlərinə olan tələbat zaman keçdikcə artmaqda davam edir:

"Bunun əsas səbəblərindən biri də lombardlarda verilən maliyyə vəsaitlərinə çıxışın asan olmasıdır. Əgər banklarda insanlar krediti bir neçə gün ərzində ala bilirlərsə, lombardlarda kreditlər müştəriyə bir neçə saat ərzində təqdim olunur. Əslində diqqətlə nəzər yetirsək, lombardların fəaliyyətində ciddi problemlərin olduğunu aydın şəkildə görə bilərik.

Kredit təşkilatları ilə müqayisədə lombardlarda əhalinin hüquqlarının pozulması hallarına daha çox yol verilsə də, KİV-də onların fəaliyyəti lazımi səviyyədə işıqlandırılmır, əksinə, bankların fəaliyyəti barədə məlumatların dərc olunmasına üstünlük verilir. Başqa sözlə desək, sanki onların fəaliyyəti kölgədə qalır və əhali onların fəaliyyəti haqqında kifayət qədər məlumat sahibi ola bilmir".

Mənbə: baki-xeber.com