Lombard kreditləri qanunsuzdurmu? | Banco.az

Lombard kreditləri qanunsuzdurmu?

Hüuqşünas ekpert, Əkrəm Həsənov hesab edir ki, lombard kreditləri qeyri-qanunidir və bu işlə məşğul olan "lombard" müəssisələrin fəaliyyətinə xitam verilməlidir.

Əhalinin ən çox müraciət etdiyi kredit qurumlardan biri də lombardlardır. Lombard fəaliyyəti üçün hər hansı lisenziya/icazə tələb olunmur. Kim istəsə, lombard açıb kredit verə bilər. Kredit təşkilatlarından fərqli olaraq, lombardların fəaliyyəti üçün hər hansı qayda da yoxdur (qanunvericilikdə lombard anlayışı və ya onun tənzimlənməsindən söhbət belə getmir). İstədikləri kimi fəaliyyət göstərirlər (məsələn, kredit müqaviləsinin şərtlərinin müəyyənləşdirilməsində, girovun qiymətləndirilməsində və saxlanmasında və s.). Vətəndaş lombard qarşısında acizdir.
Düzdür, Mülki Məcəllənin 37-ci fəsli (“Borc”) kredit təşkilatları ilə yanaşı onlara da şamil olunur. Amma həmin fəslin tələblərinə demək olar ki, lombardlar əməl etmir. Məsələn, məcəllənin tələbinə zidd olaraq faizləri ildə deyil, ayda bir dəfə tuturlar və s.
Bütün bunlaraq baxmayaraq, lombardların fəaliyyəti, bir qayda olaraq, qanunsuzdur. Ona görə ki, onların əksəriyyətinin kapitalı (öz vəsaiti) gülünc məbləğ (2 manatdan 200 manatadək: yəni bunun hesabına kredit verirlər həqiqətən?) təşkil edir. Vergilər Nazirliyinin internet səhifəsində (https://www.e-taxes.gov.az/ebyn/commersialChecker.jsp) “lombard” sözünü axtarış verib lombard təşkilatlarının (böyük ehtimalla bu siyahı tam deyil əlbəttə, çünki onların adında “lombard” sözünün olması məcburi deyil heç) nizamnamə kapitalının aşağıdakı kimi olduğunu müəyyən etdim:
1. "AYSEL-LOMBARD" MMC – 2 manat;
2. "AVTOLOMBARD" MMC – 4 manat;
3. "LOMBARD FİNANS" MMC – 5 manat;
4. "LOMBARD İNVEST" MMC – 5 manat;
5. "E-LOMBARD" MMC – 10 manat;
6. "EXPRESS LOMBARD" MMC – 10 manat;
7. "LOMBARD KAPİTAL" MMC – 10 manat;
8. "LOMBARD RUZİ" MMC – 10 manat;
9. "QARANT LOMBARD" MMC – 10 manat;
10. "X-LOMBARD" MMC – 10 manat;
11. "EVROLOMBARD" MMC – 20 manat;
12. "LOMBARD HQ" MMC – 20 manat;
13. "LOMBARD-D" MMC – 20 manat;
14. "TAHİR-MAHİR LOMBARD" MMC – 20 manat;
15. "VAQİF LOMBARD" MMC – 20 manat;
16. "VENERA-LOMBARD" MMC – 20 manat;
17. "İDEAL LOMBARD" MMC – 20 manat;
18. "GÖY-GÖL LOMBARD" MMC – 40 manat;
19. "LOMBARD KREDİT" MMC – 100 manat;
20. "LOMBARD UNİON" – 100 manat;
21. “KAPİTAL-LOMBARD” MMC – 100 manat;
22. "LOMBARD SOZVEZDİYE" MMC – 200 manat;
23. " QOLD LOMBARD " MMC – 20000 manat;
24. "UĞUR LOMBARD" MMC – 35000 manat;
Göründüyü kimi, yalnız son iki təşkilatın kapitalı nisbətən ciddi təəssürat bağışlayır. Lakin inanmıram ki, onların da verdiyi kreditlərin cəmi məbləği müvafiq olaraq 20000 və 35000 manatdır. Əlbəttə ki, qat-qat çoxdur.
Ümumən isə belə çıxır ki, bizim lombardlar kreditləri öz vəsaitləri deyil, cəlb edilmiş vəsaitlər hesabına verirlər. Yəni birindən (görəsən kimdən?) aşağı faiz dərəcəsi ilə borc alıb, digərinə yüksək faiz dərəcəsi ilə kredit verirlər. Başqa sözlə, əslində bizim lombardlar qanunsuz bank fəaliyyəti ilə, yəni cəlb edilmiş pul vəsaitləri hesabına kredit fəaliyyəti ilə məşğul olurlar. Bunun üçün onlar ən azı Mərkəzi Bankdan bank olmayan kredit təşkilatı kimi lisenziya almalı idilər. Mərkəzi Bank da onlara nəzarət etməli idi. Bəs “Lombard” adı altında de-fakto bank fəaliyyəti ilə məşğul olan qurumlara qarşı niyə tədbir görmür?
Yaxşı, bəs lombardlar bu vəsaiti haradan əldə edir?

Ən sərfəli kredit üçün müraciət et

Xarici təcrübə göstərir ki, lombardlar adətən bank sisteminin tərkibi deyil, deməli, bank nəzarəti orqanı onu lisenziyalaşdırmalı və nəzarət etməli deyil. Sadəcə lombardlara dair qanun və ya qaydalar olmalıdır. Onların faəliyyət predmeti dəqiq təsbit edilməlidir. O cümlədən ona görə ki, kredit təşkilatları ilə fərqi məlum olsun, istehlakçıların hüquqları qorunsun və s. Lombard krediti öz hesabına verirsə, onun lisenziyalaşdırılması və üzərində nəzarət ümumiyyətlə yersizdir, çünki bu, bank fəaliyyəti deyil. Hazırda mövcud olan problem isə ondan ibarətdir ki, lombardlar məhz bank fəaliyyəti ilə məşğul olur, yəni kredit təşkilatına xas olan əməliyyatları aparırlar. Bu vəziyyətdə Mərkəzi Bank məsələ qaldırmalıdır ki, lombardlar qanunsuz bank fəaliyyəti ilə məşğul olur, onlara qarşı tədbirlər görülməlidir. Lazım gələrsə, məhkəməyə müraciət etməlidir və s.

Bu baxımdan lombardların qanunsuz fəaliyyəti hazırda xüsusi əhəmiyyət kəsb edir və Mərkəzi Bankla yanaşı hüquq-mühafizə orqanları, habelə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ciddi tədbirlər görməlidir. Ümumiyyətlə isə lombardların fəaliyyətinə dair qanun, ən azı qaydalar qəbul edilməlidir.
Yeri gəlmişkən, bəzi banklar da lombard kreditləri verir. Bu da qanunsuzdur. Belə ki, Mərkəzi Bankın “Banklarda kreditlərin verilməsi Qaydaları”nın 4.1.7-ci bəndinə əsasən təminat kreditlərin qaytarılması üçün yeganə və əsas mənbə olmamalıdır, kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmalıdır. Lombard krediti üzrə isə, əksinə, girov qoyulan təminat kreditin qaytarılmasının yeganə və əsas mənbəyidir. 

 

Ən sərfəli krediti almaq üçün müraciət et