Lombardların ayırdığı kreditlərin müddətinə məhdudiyyət tətbiq ediləcək.
Lombardlar maksimum 12 ayadək və Manatla kredit ayıra biləcəklər.
"Lombard tərəfindən kreditlər Azərbaycan Respublikasının milli valyutasında on iki aydan artıq olmayan müddətə verilir",- qanunun 10-cu maddəsində yazılıb.
Qeyd edək ki, hazırda lombardlar əhaliyə 24 ayadək kreditlər təklif edirlər.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTİN MAKSİMUM MİQDARI MÜƏYYƏN EDİLƏCƏK
Lombardın maliyyə sabitliyini təmin etmək məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası prudensial normativləri və tələbləri müəyyən edəcəkdir. Həmin tələblər müştərilərə verilən kreditin maksimum miqdarını, lombard tərəfindən kapitalın formalaşdırılmasını, qəbul edilmiş daşınar əşyaların lombardın kapitalına olan nisbətini əhatə edəcəkdir.
Lombard öz fəaliyyəti dövründə nizamnamə kapitalını (əmlakını) maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən minimum miqdardan az olmayan səviyyədə təmin etməlidir.
İyunun 27-də “Lombardlar haqqında” yeni qanun layihəsi Milli Məclisdə birinci oxunuşa təqdim edilib. Bildirilib ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında dövlət başçısı İlham Əliyev tərəfindən təqdim olunub. 6 fəsil və 32 maddədən ibarət olan qanun layihəsinin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 15-ci və 27-ci bəndlərinə uyğun olaraq hazırlandığı qeyd olunub. Qanun layihəsində lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlanmaya qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarət ilə bağlı münasibətləri tənzimləyir. Qanun layihəsi səsvermə yolu ilə təsdiq edilib.
Marja