Müəllif: Gülnar Əhmədli, Banco.az
"Lirə hazırda sürətlə bahalaşsa da, bunun davamlı olacağını düşünmürəm".
Banco.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov Türkiyə Mərkəzi Bankının (TCMB) qərarından sonra dollar və avronun sürətlə ucuzlaşmasını şərh edərkən deyib.
İqtisadçının sözlərinə görə, Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 7,5 faiz bəndi artıraraq 17,5%-dən 25%-ə qaldıması lirəyə psixoloji təzyiqi azaltmış və lirə dəyər qazanmışdır: "Uçot dərəcəsinin birdən-birə 7.5 faiz bəndi artımı qarşısında bunu normal qarşılamaq lazımdır. Amma qarşıdakı uzun müddət ərzində lirənin bu templə bahalaşmasının davamlı olacağını gözləmirəm. Psixoloji effektlər neytrallaşdıqdan sonra nisbətən dinamika azalacaq. Lirənin əvvəlki vəziyyətinə dönməsi üçün hələ uzun müddət lazım olacaq".
Qeyd edək ki, Bakı vaxtı ilə 09:43-ə olan məlumata görə, Türkiyədə 1 dollar 25,94 lirəyə, 1 avro isə 27,98 lirəyə ticarət edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!