Argentinalı futbol ulduzu Lionel Messi rəqəmsal tokenlərin buraxılması üzrə ixtisaslaşmış Socios.com ilə 20 milyon dollarlıq müqavilə imzalayaraq kriptovalyutalar dünyasına daxil olub. Messi şirkəti brend səfir kimi tanıtdıracaq. Sürətlə inkişaf edən kriptovalyuta sektorunda fəaliyyət göstərən Socios.com kimi platformalar müxtəlif sahələrdən tanınmış oyunçuları cəlb etməyə çalışırlar. Qətərdə keçiriləcək dünya çempionatı yaxınlaşmasını nəzərə alınsa Lionel Messi Socios.com-un tanıtımında mühüm rol oynayacaq.
Xatırladaq ki, Socios.com idman və əyləncə həvəskarları üçün blockchain əsaslı ilk şirkətdir. Socios.com Barcelona, Atletico Madrid, PSG, Juventus, AS Roma, West Ham United kimi tanınmış futbol klubları da daxil olmaqla 130-dan çox idman klubu və təşkilatı ilə müqavilələr bağlayıb və rəqəmsal aktivlər – fan tokenlərin buraxılması üçün əməkdaşlıq edir. Fan tokenlərə sahib olan klub azarkeşləri gələcəkdə mükafat almaq və klubun fəaliyyəti ilə bağlı “kosmetik qərarlar” (məs: forma rəngi, stadionun musiqisi, günün oyunçusu, klubun yay turları, xüsusi klub hədiyyələri və s.) verilərkən səsvermədə iştirak hüququ qazanırlar. İdman klubları isə öz növbəsində bu cür tokenlərin satışından əlavə gəlir mənbəyi əldə edirlər. Bu tokenlər həmçinin kriptovalyuta birjalarında da ticarət edilir və qiyməti tələb-təklifdən aslı olaraq dəyişir.
kriptoinvest.az
Bizi sosial şəbəkələrdən izləyin!!