Müəllif: Tamara Mustafayeva, Banco.az
“TikTok” və “Instagram”ın kölgəsində qalan “LinkedIn” əslində məzmun yaradıcılarına böyük qazanc imkanları təklif edir.
Banco.az xəbər verir ki, sosial media dünyasında kontent istehsalçıları adətən vizual məzmunun ön planda olduğu “TikTok” və “Instagram” kimi platformalara yönəlir. Lakin sərbəst kontent istehsalçısı və yaradıcı agentliyin həmtəsisçisi Valeri Çapman “LinkedIn”in əslində nəzərdən kənarda qalmış bir qızıl mədəni olduğunu bildirir.
"LinkedIn kontent istehsalçılarının qazanc əldə etməsi üçün “TikTok”dan daha yaxşı, hətta ən az onun qədər güclü bir infrastruktura sahibdir." – deyə Çapman qeyd edir və platformanı sadəcə peşəkar şəbəkə kimi görənlərin böyük bir fürsəti əldən verdiyini vurğulayır.
Reklam və kontent istehsalı sahəsində çalışan Çapman 2023-cü ildə iki dəfə işdən çıxarıldıqdan sonra diqqətini “LinkedIn”ə yönəldib. Daha əvvəl çalışdığı sosial media idarəçiliyi agentliyində ondan “LinkedIn”də fikir lideri kimi çıxış edərək şirkətin satışlarını artırması istənilmişdi. Bu təcrübə işsiz qaldığı dövrdə onun üçün yeni imkanlar yaradıb.
“LinkedIn”də uğura aparan yol
2023-cü ilin oktyabrında işdən çıxarıldıqdan sonra “LinkedIn”də aktiv məzmun paylaşmağa başlayan Çapman qısa müddətdə geniş bir auditoriyaya çatıb. Hazırda 16 mindən çox izləyicisi olan kontent istehsalçısı paylaşdığı yazılarla minlərlə reaksiya alır.
“LinkedIn”də şəxsi brendinizi necə gəlir mənbəyinə çevirə bilərsiniz?
Çapmana görə, kontent istehsalçıları “LinkedIn”i yalnız iş axtarma platforması kimi dəyərləndirərək böyük bir səhvə yol verirlər. Halbuki “LinkedIn” şəxsi brend qurmaq və bunu gəlir mənbəyinə çevirmək üçün unikal imkanlar təqdim edir.
Bəs “LinkedIn”dən necə qazanc əldə etmək olar?
“TikTok”un əksinə, “LinkedIn” kontent istehsalçılarına paylaşımlarına görə birbaşa ödəniş etmir. Lakin Çapman fərqli gəlir mənbələri yaratmağın mümkün olduğunu bildirir:
- Brend əməkdaşlıqları: Texnologiya şirkətləri başda olmaqla, bir çox marka “LinkedIn”də peşəkar auditoriyaya çatmaq üçün kontent istehsalçıları ilə əməkdaşlıq edir.
- Rəqəmsal məhsullar: İş təlimləri, e-kitablar və ya ixtisas sahələrinə dair kurslar hazırlayaraq passiv gəlir əldə etmək mümkündür.
- Xüsusi seriyalar: Çapman “Gen Z Woman in Business” adlı “LinkedIn” video seriyası ilə brendlərin diqqətini çəkib və müştəri bazasını genişləndirib.
- Şəxsi brend dəyəri: “LinkedIn”də auditoriyanın əsas hissəsini CEO-lar, qurucular və yüksək səviyyəli rəhbərlər təşkil etdiyindən, kontent istehsalçıları digər platformalara nisbətən daha yüksək qonorar tələb edə bilirlər.
Hələ də kifayət qədər araşdırılmamış bir platforma olan “LinkedIn” xüsusilə peşəkar auditoriyanı hədəfləyən markalar üçün olduqca gəlirli imkanlar yaradır. Görünən odur ki, ənənəvi sosial media platformalarından kənara çıxmaq istəyən kontent istehsalçıları üçün “LinkedIn” dəyərli bir fürsət təqdim edir.
Bizi sosial şəbəkələrdən izləyin!!