Müəllif: Tamara Mustafayeva, Banco.az
“LinkedIn” Çindəki yerli tətbiqinin istifadəsini mərhələli şəkildə dayandırdığı üçün 716 nəfəri ixtisar edəcək.
Banco.az xəbər verir ki, son dövrlərdə qlobal texnologiya sahəsində aparıcı şirkətlər makroiqtisadi böhran mühitini əsas gətirərək geniş miqyaslı ixtisarlarla gündəmə gəliblər. Xüsusilə biznes dünyasının rəğbət göstərdiyi və insanların öz CV-lərini paylaşmağa üstünlük verdiyi sosial media platforması olan “LinkedIn” də bu karvana qoşulub.
ABŞ-ın texnologiya nəhəngi “Microsoft” şirkətinə məxsus olan və 20 min insanı işlə təmin edən “LinkedIn” bəzi departamentlərdəki işçilərin sayını azaldacağını, bəzi vəzifələri isə tamamilə ləğv edəcəyini açıqlayıb. Şirkət həmçinin mayın 15-də bəzi fəaliyyət istiqamətləri üzrə 250-yə yaxın yeni iş yeri və yeni biznes və mühasibat idarəetmə qrupları açmağı planlaşdırdığını da vurğulayıb.
Qeyd edək ki, “LinkedIn”in ana şirkəti “Microsoft” da yanvar ayında 10 min iş yerini və ya qlobal işçi qüvvəsinin təxminən 5%-ni ixtisar etdiyini elan etmişdi. “LinkedIn” isə 750 nəfərin işdən çıxarılmasına səbəb kimi Çində fəaliyyət göstərən şöbəsini mərhələli şəkildə ləğv etmək qərarını göstərib.
Xatırladaq ki, platformanın Çindəki yerli tətbiqi olan “ InCareer” öz şəbəkəsindəki peşəkarlara iş elanlarına çıxış əldə etmək, müvafiq vakansiyalara müraciət etmək və bununla da iş tapmaqda kömək etmək üçün nəzərdə tutulmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!