"LG Electronics" 2024-cü ildə rekord gəlir əldə edib | Banco.az

"LG Electronics" 2024-cü ildə rekord gəlir əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“LG Electronics” 2024-cü ildə 87,73 trilyon Cənubi Koreya vonu (təxminən 61,3 milyard dollar) gəlir əldə edərək şirkət tarixində ən yüksək illik gəlir səviyyəsini qeyd edib.

Banco.az xəbər verir ki, “LG Electronics” ötən il rekord səviyyədə gəlir əldə edib.

Şirkətdən verilən açıqlamaya görə, “LG Electronics” 2024-cü ilə aid maliyyə nəticələrini açıqlayıb.

Buna əsasən, ötən il şirkətin konsolidə olunmuş gəliri 87,73 trilyon von səviyyəsinə yüksələrək fəaliyyət mənfəəti 3,42 trilyon von olub. Beləliklə, şirkət tarixindəki ən yüksək illik gəliri əldə edib.

Gəlir artımına ən böyük töhfəni məişət texnikası və avtomobil komponentləri sahələri verib. Bu segmentlər ardıcıl olaraq doqquzuncu il də böyümə qeydə alaraq şirkətin rekord gəlirinə dəstək olub. Bundan əlavə, LG Ev Əyləncə və İş Həlləri Şirkətləri də gəlirlərini əvvəlki illə müqayisədə artırıb.

Buna baxmayaraq, məişət texnikasına qlobal tələbatın bərpa prosesinin ləngiməsi və ilin ikinci yarısında artan logistika xərcləri kimi xarici faktorlar səbəbilə fəaliyyət mənfəətində cüzi azalma baş verib. Şirkət bu çətinliklərə baxmayaraq, iş portfelinin yenidən qurulması və artan satışların təsiri ilə sabit mənfəət strukturunu qoruyub.

LG Məişət Texnikası və İqlimləndirmə Həlləri Şirkəti 2024-cü ildə 33,2 trilyon von gəlir əldə edib. Şirkət məişət cihazları abunəlikləri və birbaşa istehlakçıya satış modellərindəki innovativ yanaşmalar sayəsində keyfiyyətli böyümə əldə edib. Məişət cihazları abunəlik gəlirləri əvvəlki ilə nisbətən 75%-dən çox artaraq 2 trilyon vona yaxınlaşıb.

LG Ev Əyləncə Şirkəti Oled televizorların satışlarının artması ilə 15,23 trilyon von gəlir əldə edib. WebOS əsaslı reklam və məzmun biznesindən əldə olunan gəlir illik bazada 1 trilyon vonu keçib.

Avtomobil komponentləri sahəsində LG Avtomobil Komponentləri Həlləri Şirkəti ardıcıl ikinci dəfə 10 trilyon von gəlir həddini keçərək 10,62 trilyon von gəlir əldə edib. Lakin proqram təminatlı avtomobillərə (SDV) dair AR-GE investisiyaları və yeni layihələr üçün artan inkişaf xərcləri səbəbilə fəaliyyət mənfəəti 115,7 milyard vona enib.

LG İş Həlləri Şirkəti isə 5,69 trilyon von gəlir açıqlamasına baxmayaraq, artan xammal xərcləri və bazardakı artan rəqabət səbəbilə 193,1 milyard von fəaliyyət zərəri ilə üzləşib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram