Müəllif: Tamara Mustafayeva, Banco.az
Labubu çılğınlığı rekord gəlir gətirib: Mini versiya da gəlir.
Banco.az xəbər verir ki, çinli kolleksiya oyuncaqları nəhəngi “Pop Mart”ın baş icraçı direktoru Van Nin bildirib ki, 2025-ci il üçün müəyyən olunan 20 milyard yuan (2,78 milyard dollar) gəlir hədəfinə çatmağı planlaşdırırlar, bu il isə 30 milyard yuana (4,18 milyard dollar) çatmağın “çox asan göründüyünü” qeyd edib.
Şirkətin ən məşhur məhsulu dünyada moda halına gələn Labubu kuklaları olub. Yalnız ilin ilk yarısında “The Monsters” seriyası 4,81 milyard yuan (təxminən 670 milyon dollar) gəlir gətirib və ümumi dövriyyənin üçdə birindən çoxunu təşkil edib. Rihanna və Devid Bekam kimi məşhurların da seçdiyi Labubu kuklaları dünya miqyasında sürətlə tükənir.
Bu həftə isə telefonlara taxıla bilən mini Labubu versiyası satışa çıxarılacaq. Bu xəbər şirkətin birja dəyərinə müsbət təsir göstərib.
Honkonq birjasında ən çox ticarət edilən səhmlərdən olan Pop Mart, çərşənbə günü 12,5% bahalaşaraq 2020-ci ildəki ilkin kütləvi təklifdən (IPO) bəri ən yüksək bağlanışını edib. İlin əvvəlindən bəri şirkətin səhmləri 230%-dən çox artıb; Pop Mart-ın bazar dəyəri 50 milyard dolları aşaraq Barbie-nin istehsalçısı Mattel və Hello Kitty-nin sahibi Sanrio-nu geridə qoyub.
Şirkət Yaxın Şərq, Mərkəzi Avropa və Latın Amerikası kimi yeni bazarlara açılmağı planlaşdırır. Hazırda ABŞ-da 40 mağazası olan “Pop Mart” ilin sonuna qədər əlavə 10 yeni mağaza açacaq və qarşıdakı iki ildə “sürətli genişlənmə” mərhələsinə qədəm qoyacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!