Tamara Mustafayeva, Banco.az
2021-ci ilin sonlarına doğru ən dəyərli kriptovalyuta olan bitkoin dalğalı hərəkət dinamikası ilə investorların ümidlərini doğrultmasa da, bu il ümumilikdə kriptovalyutalar üçün tarixi il hesab edilə bilər.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, 2021-ci il kriptovalyutaların geniş vüsət aldığı və bu sektora korporativ marağın artdığı il olub.
İlin ilk rübündə, xüsusilə korporativ marağın artmasının təsirindən bu rəqəmsal valyutalar sürətlə bahalaşmağa başladı. Bitkoin 2021-ci ilə 30 min dollardan aşağı səviyyələrdə başlamışdı. 19 fevral tarixində bitkoinin 52 min dolları üstələməsi ilə kriptovalyutaların bazar dəyəri ilk dəfə 1 trilyon doları üstələdi. Bitkoin isə 14 apreldə 68 min 790 dollarla tarixi rekorda imza atdı.
Kriptovalyutaların bazar dəyəri bu il ümumilikdə 1.4 trilyon dollarlıq artımla 2.1 trilyon dollara çatdı. 2021-ci ildə ilk dəfə rəsmi valyuta kimi qəbul edilən və ötən 4 ilin ən əsaslı yenilənməsinin tətbiq edildiyi bitkoin dollara qarşı 58% dəyər qazandı ki, bu göstərici 2020-ci ildə 302% idi.
Bitkoinə investorların inamının artması öz növbəsində altkoinlərə də müsbət təsir göstərmişdi. İkinci ən dəyərli kriptovalyuta olan ethereum 400%-ə yaxın dəyər qazanarkən, bu kriptovalyutanın rəqibləri hesab edilən solana və AVAX-a investisiya qoyanların vəsaiti iki qat artdı.
Qeyd edək ki, 2021-ci il həmçinin kriptovalyuta birjasına İlon Maskın müdaxilələri, Çindəki qadağalar və ABŞ başda olmaqla bir çox ölkənin həyata keçirdiyi tənzimləmə tədbirləri ilə də yadda qaldı.
Bizi sosial şəbəkələrdən izləyin!!