Son dövrlərdə koronavirus pandemiyasının bütün dünyada tüğyan etməsi onlayn bankçılıq tranzaksiyaları ilə yanaşı, blokçeyn əsaslı kripto ödənişlərin də artmasına səbəb olub. Bu isə öz növbəsində kriptovalyutalara olan tələbatın yüksəlməsi ilə nəticələnib.
Pandemiya dövründə istehlakçıların yaşadıqları yerləri daha az tərk etməsi və uzaq məsafələrə getməkdən çəkinməsi səbəbindən şirkətlər kriptovalyuta ATM-lərinin sayını sürətlə artırmaqda davam edirlər. Belə ki, hal-hazırda 42 fərqli istehsalçı tərəfindən istehsal edilən kripto bankomatlar dünyanın 73 fərqli ölkəsində yerləşdirilib. Bankomatların 81.1%-i Şimali Amerikada, 15.9%-u Avropada quraşdırılıb. Asiya və Cənubi Amerikada isə bu bankomatların cəmi 2.5%-i yer alır.
Ümumilikdə isə, mart ayının başlanğıcında cəmi 7023 kripto bankomat olmasına baxmayaraq, aprel ayının əvvəlində bu göstərici 7417-ni ötüb. Hal-hazırda isə dünyada 7620 kripto bankomat mövcuddur. Bu isə mart ayının əvvəlində nəzərən 8.5%-lik artım deməkdir. Ötən ilin müvafiq dövrünə nisbətdə kripto bankomatlarla həyata keçirilən tranzaksiyaların həcmində isə iki dəfədən çox artım müşahidə olunub.
Məlumat üçün qeyd edək ki, hal-hazırda dünyada ən çox kripto bankomat istehsal edən şirkətlər Genesis Coin (2574 ATM) və General Bytes (2338 ATM), kripto bankomatların ən çox quraşdırıldığı ölkə isə ABŞ-dır (5609 ATM). Respublikamızda hal-hazırda kripto bankomat mövcud olmasa da, həmsərhəd ölkələrdən Rusiya Federasiyası 50, Gürcüstan 17, Türkiyə isə 10 kripto bankomata sahibdir.
bbn.az
Bizi sosial şəbəkələrdən izləyin!!