Azərbaycanlı fermerlər güzəştli kreditlərin daha uzun müddətə verilməsini istəyirlər
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün Salyanda Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Cəbrayıl, Neftçala və Biləsuvar rayonlarının sakinləri ilə görüşüb.
Milli.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindənTrend-ə verilən məlumata görə, görüşdə nazirliklə birlikdə nazirliyin idarə və təşkilatlarının, tabeliyində olan qurumların rəhbərləri də iştirak ediblər. Görüşdə bölgə rayonlarından olan 60 vətəndaşın müraciətinə baxılıb.
Nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib. Müraciətlərin çox hissəsi isə yerində həll olunub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun mümkün qısa müddət ərzində həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib və nəzarətə götürülüb.
Müraciətlər, əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli kreditlərin daha uzun müddətə verilməsi, pambıqçılığın inkişafına dövlət dəstəyi və onun satış qiymətinin artırılması, tədarük məntəqələrinin yaradılması, kənd təssarüfatının inkişafını daha da sürətləndirmək üçün kooperativlərin yaradılması və drenaj-kollektor şəbəkələrinin təmizlənməsi kimi məsələlərin həlli ilə bağlı olub.
Görüşdən sonra nazir Salyan rayonunda südlük-maldarlıq üzrə 1070 baş iribuynuzlu heyvanı olan özəl damazlıq "Nurgün-aqro" MMC-də heyvandarlığın vəziyyəti ilə tanış olub, məsləhət və tövsiyələrini verib, həmçinin yeni alınmış cins mal-qaranın daha da artırılması üçün süni mayalanma və damazlıq işinin gücləndirilməsini diqqətə çatdırıb.
Eyni zamanda, H.Əsədov bölgədə nazirliyin tabeliyində olan idarə və müəssisələrin, o cümlədən "Aqrolizinq" ASC-nin filialının fəaliyyətinə baxış keçirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Milli.Az