Sirr deyil ki, banklar kreditin rəsmiləşdiriməsi zamanı sığorta müdafiəsi almaq istəməyən müştərilərə kredit verməkdən çəkinirlər. Vətəndaşlar isə əksər hallarda bu xidmətin əlavə xərc tələb etdiyini və xüsusi əhəmiyyət kəsb etmədiyini düşünürlər.
Kredit riskləri üzrə sığortanın növləri
Kredit riskləri üzrə sığortanın 2 növü mövcuddur. Kreditin ödənilməməsi riskindən sığorta zamanı bank sığortalı rolunda çıxış edir. Borcalanın öz üzərinə götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirməsi isə sığortanın obyekti hesab olunur. Potensial borcalanı məsuliyyət sığortası - kredit riskləri sığortasının növbəti və sonuncu növüdür. Bu halda, borcalan və sığorta təşkilatı arasında müqavilə imzalanır. Sığortanın obyekti qismində isə bank müştərisinin həyat və sağlamlığı, təbiət hadisələri və ya təbii fəlakətlər səbəbindən ödəmə qabiliyyətinin itirilməsi riski çıxış edir.
Borcalan müqavilənin şərtlərini yerinə yetirmədiyi təqdirdə, kreditora dəyən ziyan sığorta şirkəti tərəfindən ödənilir.
Unutmayın ki, bankda kredit münasibətlərini rəsmiləşdirən zaman müştəri öz üzərinə borcların ödənilməsinə dair öhdəliklər götürür. Bununla yanaşı, heç kim sizi həmin an qanuni hüquqlarınızdan məhrum edə bilməz. Yəni, əgər bank tərəfindən təqdim olunan xidmət sizin tələblərinizə uyğun gəlmirsə, o zaman onu qəbul etmək məcburiyyətində deyilsiniz. Onu da qeyd edək ki, krediti sığortalamazdan öncə də ətraflı şəkildə düşünməlisiniz. Bu, sizin şəxsi seçiminiz və qərarınızdır. Qərar verərkən isə sığorta xidmətinin sizə öz borc öhdəliklərinizi yerinə yetirməkdə kömək edəcəyi faktını diqqətdən qaçırmamanızı tövsiyə edirik.
Sevinc İbadova/Banco.az