Kredit yalnız məcburi xərclər üçün götürülməlidir | Banco.az

Kredit yalnız məcburi xərclər üçün götürülməlidir

Müsahibimiz Vüqar Bayramov, bu gün bank sektorunda gündəmdə olan məsələlər ətrafında suallarımızı cavablandırdı.

Bu gün bank sektorunda mövcud vəziyyət yeni ixtisarlara, yəni bankların öz əməkdaşlarının sayını azaltmasına təsir edibmi?
Iki bankın lisensiyasının ləğv olunması və ümumilikdə bankların kredit portfelinin azalması məşğulluğa təbii ki öz təsirini göstərib. Bəzi banklarda artıq işçi kütləsinin ixtisar olunması halları da müşahidə olunur. Banklar işçiləri ilə yollarını ayırmaqla yanaşı yeni işçilərin cəlb olunmasında da müəyyən məhdudiyyətlər yaranır. Problemli kreditlərin sayının artması da işçi ixtisarının mühüm faktorlarından biridir.

Bir də sizin fikriniz maraqlıdır, banklarda əməkhaqqılar nə qədər özünü doğrudur, sizcə bank menecerləri çox şişirdilmiş əməkhaqqı almırlar ki? Ötən illə müqayisədə əməkhaqqıların azalması tendensiyası varmı?

Təbii ki, banklarımızda idarə heyətinin üzvlərinin və menecerlərin əmək haqqılarını yüksək hesab etmək olar. Halbuki, bank işinin əsas hərəkət-verici qüvvələrindən sayılan kredit şöbəsinin işçiləri, eləcə də əməliyyatçılar onlarla müqayisədə xeyli aşağı məbləğdə məvacib alırlar. Belə kəskin əməkhaqqı fərqi bankın özündə də müəyyən problemlərə yol açır. Yəni banklar vəsaitin idarə edilməsində çətinlik çəkirlər. Bu da özlüyündə bank xərclərinin artmasına, əməkhaqqı fondunun şişməsinə gətirib çıxarır. Yaxşı olardı ki, banklar öz vəsaitlərinə qənaət etsinlər. Düşünürəm ki, xərclərin azalması vəsaitdən səmərəli istifadəyə gətirib çıxara bilər.

Ən sərfəli kredit üçün müraciət et

İntihar hallarına münasibət, borclular nə edə bilər, onları bu fikirdən yayındırmaq üçün nə tövsiyə etmək olar.. yəni nəyə görə intihar çıxış yolu deyil?

Borc götürən zaman vətəndaş ilk növbədə fikirləşməlidir ki, bu borcu qaytarmaq imkanına malikdir, yoxsa deyil.  Bu halda məsuliyyət ilk növbədə kredit götürən şəxsin üzərinə düşür. Vətəndaş bilməlidir ki, intihar heç bir zaman çıxış yolu ola bilməz.  Borcu geri qaytarmaqla bağlı problemlə üzləşdikdə isə, vətəndaş banka müraciət edərək, güzəştlərin əldə olunmasına çalışmalıdır. Təcrübə göstərir ki, əksər belə hallarda borcalanlar güzəştlərə nail ola bilirlər. Vətəndaşlar öz ödəmə qabiliyyətlərini öyrəndikdən sonar kredit götürməyə qərar verməlidir. Həmçinin, yalnız məcburi xərclər üçün kredit götürməlidirlər. Yəni istirahət, toy və s kimi məqsədlər üçün qəti şəkildə borc götürmək olmaz. Bütün hallarda kredit götürərəkən, kredit şərtlərinin əks olunduğu müqaviləni mütləq diqqətlə nəzərdən keçirmək lazımdır.

Ən sərfəli krediti almaq üçün müraciət et