Kredit tətilləri və onların növləri | Banco.az

Kredit tətilləri və onların növləri

Qeyri-sabit iqtisadi məkanda uzunmüddəti proqnozlar vermək çətindir. Lakin şəxsin uzunmüddətli kreditləşmə ilə bağlı öz imkanlarını müəyyən etməsi əslində daha mürəkkəb bir prosesdir. Kredit üzrə ödənişlərin həyata keçirilməsi çətin xarakter alanda və ya maliyyə çətinliyi səbəbindən ödənişləri tamamilə dayandıranda, kredit tətilləri sizin köməyinizə gələ bilər. Qeyd edək ki, onlar bankın xüsusi loyallıq proqramı hesab olunur və ödənişlərin tam şəkildə təxirə salınması bu tipli müəssisələr üçün o qədər də sərfəli deyil. Kreditor üçün əsas amil məsuliyyətli borcalanların saxlanılmasıdır.

Müqavilədə nəzərdə tutulmuş icbari qaydada, ödənişlərin müvəqqəti dayandırılması proseduru ödəmə qabiliyyətinin itirilməsinə səbəb olan hallar mövcud olduğu təqdirdə, maliyyə müəssisələri tərəfindən təsdiq edilir. Ödəmə qabiliyyətinin itirilməsinin ciddi səbəbləri sırasına daimi iş yerinin və ya gəlir mənbələrinin itirilməsi, xəstəlik, yaşayış yerini dəyişmə və digər fors-major hallar aid edilir.

Kredit tətilləri əldə etməklə, borcgötürənlər aşağıda qeyd olunmuş üstünlüklərə sahib olurlar:

- bank ilə etibarlı və loyal münasibətlərin qorunub saxlanılması;

- müsbət kredit tarixçəsinin təsdiqi;

- əlavə xərclərdən (cərimə sanksiyaları) yayınma.

Kredit tətilləri - xüsusi məhdudiyyət və vaxt çərçivəsinə malik olan aylıq ödənişin təxirə salınmasını nəzərdə tutur. Lakin bu zaman faizlərin hesablanması davam edir. Bu səbəbdən də bu xidməti bankın heç bir qarşılıq olmadan müştəriyə təqdim etdiyi hədiyyə kimi qiymətləndirmək olmaz.

Ən sərfəli kredit üçün müraciət et

Təxirəsalmalar kifayət qədər cəlbedici olsa da, bu prosedurun tətbiqi o qədər də geniş yayılmayıb. Banklar heç vaxt bu tipli xidmətləri təklif etməyə tələsmirlər. Onu da qeyd edək ki, bu tipli xidmətlərdən istifadə hüququ istənilən müştəriyə verilmir.

Bank ödəmə qabiliyyətinin itirildiyini təsdiq etmək üçün əlavə sənədlər (gəlirlər haqqında arayış, iş yerindən ayrıldığını təsdiq edən sənəd, tibbi rəy və s.) tələb etmək hüququna malikdir. Kredit tətili əldə etmək istiqamətində razılıq əldə olunduqdan sonra təklif olunan şərtlərlə yaxından tanış olmaq labüddür. Çünki diqqətsiz davranış nümayiş etdirməklə siz adi ödənişlərlə müqayisədə, kredit tətili vasitəsilə borcun ödənilməsinə daha çox vəsait sərf edə bilərsiniz.

Adətən, maliyyə təşkilatları kredit güzəştlərinin aşağıdakı növlərini təklif edirlər:

1. Ödənişin tam şəkildə təxirə salınması - borcun və faizlərin əsas hissəsi üzrə ödənişlər müəyyən müddətə dayandırılır. Bu prosedur işsizlər və ağır xəstəliyi olan şəxslər üçün nəzərdə tutulub.

2. Qismən təxirəsalma - faktiki olaraq, bu, qrafikin dəyişməsidir. Bu zaman kreditin ödənilməsi müəyyən müddətə dayandırılır, faizlər isə ödənilir. Kreditin müddətini artırmaq mümkündür. Bununla, aylıq ödənişi lazımi məbləğə qədər azaltmaq olar.

3. Kreditin valyutası dəyişən zaman borcun yenidən hesablanması ilə kredit tətilinin tətbiqi. Bu tipli tədbirlərin tətbiqi üçün tələb olunan ilkin şərt məzənnənin əhəmiyyətli dərəcədə dəyişməsi və kredit valyutası ilə əldə olunan gəlirin valyutası arasında ciddi fərqin qeydə alınmasıdır.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et