Daha əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) nəzdində fəaliyyət göstərmiş Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatasının tabeliyinə keçib. Bunu Trend-ə AMB-dən deyiblər.
Kredit Reyestri bu həftə Palatanın nəzarətinə keçib. Reyestrə Elçin Həbibov başçılıq edir.
Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından fəaliyyət göstərir. Hazırda Reyestrə ölkədəki 37 bank, eləcə də 37 bank olmayan kredit təşkilatı qoşulub.
Azərbaycan Prezidenti İlham Əliyev bu ilin fevralında Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Fərmanda deyilir ki, Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılsın.