Müəllif: Gülnar Əhmədli, Banco.az
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə bu ilin mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı fevralın sonuna nəzərən 62 min ədəd artaraq 22 milyon 409 min ədəd təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 9.5% artıb.
Ödəniş kartlarında debet kartlarının sayı 12% artıb, kredit kartlarının sayı isə 9% azalıb (2 milyon 71 min ədədə enib). Ötən ilin eyni dövründə kredit kartlarının sayı 2 milyon 278 min ədəd idi.
Kredit kartlarının azalmasının səbəbləri nələrdir?
İqtisadçı Xalid Kərimli Banco.az-a bildirib ki, kredit kartlarının sayının azalmasında Mərkəzi Bankın siyasəti də mühüm rol oynayıb:
"Söhbət ötən ilin iyul ayında kredit kartlarına tətbiq edilən məhdudiyyətdən gedir. Həmin qərara əsasən, şəxsin rəsmi gəlirinin beş mislindən artıq kredit xətti ayrılması qadağan edildi. Bu dəyişiklik bazara ciddi təsir göstərdi.
Bununla yanaşı, bankların tətbiq etdiyi prudensial tədbirlər və məsuliyyətli kreditləşmə siyasəti də bu prosesdə önəmli rol oynayır. Mərkəzi Bank vətəndaşların kredit yükünün nəzarətli və tənzimlənən şəkildə artmasının tərəfdarıdır və banklar da bu siyasəti icra edirlər.
Əslində kredit kartları ilə bağlı əsas dəyişiklik məhz ötən ilin yayında baş verdi. Bir müddət kredit kartları çox sürətlə populyarlaşdı və bazarda bir növ “bum” yaşandı. İnsanlar geniş şəkildə kredit kartlarından istifadə etməyə başladılar. Lakin sonradan vətəndaşlar kredit kartlarının ciddi maliyyə öhdəlikləri və yüksək faiz xərcləri yaratdığını daha aydın görməyə başladılar. Bu da məsuliyyətli borclanmaya marağı artırdı.
Kredit kartı girovsuz və təminatsız verilən kredit növüdür. Üstəlik, istənilən vaxt əlavə müraciət etmədən istifadə olunduğu üçün kifayət qədər rahat, eyni zamanda bahalı maliyyə alətidir. Son illərdə kredit faizlərinin artması da vətəndaşların kredit kartlarına daha ehtiyatla yanaşmasına səbəb olub".

X. Kərimlinin sözlərinə görə, əvvəllər kredit kartları çox aqressiv şəkildə reklam edilirdi: “İndi istifadə et, 40 gün sonra ödə”, “iki ay sonra qaytar” və s. kimi kampaniyalar insanları daha çox borclanmağa təşviq edirdi. Banklar kredit kartlarını yaymaq üçün yüksək keşbeklər və müxtəlif güzəştlər təqdim edirdilər. Lakin zaman keçdikcə həmin güzəştlər və keşbek faizləri də azalmağa başladı.
Beləliklə, kredit kartlarının azalmasına təsir edən əsas amillər bunlardır:
- Mərkəzi Bankın tətbiq etdiyi məhdudiyyətlər;
- Kredit faizlərinin yüksəlməsi;
- Bankların əvvəlki güzəştli şərtləri azaltması;
- Kredit kartlarının ümumilikdə bahalı maliyyə aləti olması.
Bütün bunların fonunda vətəndaşlar da öz xərclərini daha planlı şəkildə idarə etməyə və borclanma qərarlarında daha ehtiyatlı davranmağa başlayıblar".
Bizi sosial şəbəkələrdən izləyin!!
