2016-ci ilin iyulun 1-nə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 5 milyon 467 min ədəd təşkil edib. Bu da cari ilin əvvəlindən bu yana 192 min ədəd və ya 3,39% azalma deməkdir.
Oxu.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu rəqəm may ayının yekunları ilə müqayisədə 45 min ədəd və ya 0,82% artıb.
Hesabata görə, dövriyyədə olan ödəniş kartlarının ümumi sayından 2 milyon 493 min ədədi sosial kartlar, 1 milyon 529 min ədədi əmək haqqı kartları, 663 min ədədi isə digər debet kartları təşkil edib.
İyun ayının sonunda dövriyyədə olan kredit kartlarının sayı 782 min ədəd təşkil edib. Bu da bir öncəki ay may ayının yekunları ilə müqayisədə 40 min ədəd və ya 5,39% artım deməkdir. İlin əvvəli ilə müqayisədə isə kredit kartlarının sayı 228 min ədəd və ya 22,57% azalıb.
İlin əvvəlindən sosial kartların sayı 42 min ədəd və ya 1,71% əmək haqqı kartlarının sayı 62 min ədəd və ya 4,22% artıb. Digər debet kartlarının sayı isə 69 min ədəd və ya 9,42% azalıb.
Qeyd edək ki, dövriyyədə olan kredit kartlarının ən pik həddi ötən ilin fevralın 1-də qeydə alınıb; 1 milyon 322 min ədəd.