Onlayn bankinq dedikdə istifadəçiyə hesabın vəziyyətini izləməyə və onu idarə etməyə imkan verən mobil və internet xidmətləri nəzərdə tutulur. Bəzi kredit təşkilatları bu xidmətləri öz müştərilərinə ödənişli əsaslarla təklif etdikləri halda, digərləri onlardan pulsuz xidmət qismində rəqabət üstünlüyü kimi istifadə edirlər. Hətta bank bu xidmətləri ödənişli əsaslarla təklif etsə belə, onlayn bankinq öz nüfuzunu və üstünlüklərini yenə də qüvvədə saxlayır.
Mobil bankinq öz fəaliyyət yoluna bank kartları üzrə aparılan əməliyyatlar haqqında sms-məlumatlandırma və sms-idarəetmə xidmətlərinin təklifi ilə başlamışdır. Sms-idarəetmə xidmətindən istifadə zamanı müştəri banka əməliyyatın həyata keçirilməsi barədə sms şəklində hərf və rəqəmlərdən ibarət göstərişlər verir. Hal-hazırda mobil bankinq anlayışı daha geniş əhatə dairəsinə malikdir.
Öz mobil telefonunuza bank tərəfindən işlənib hazırlanmış proqramı yükləməklə siz öz kartınız, o cümlədən, mövcud vəsaitlərin limiti və son əməliyyatlar haqqında məlumat əldə edə, hesabınızdan mini-çıxarışlar əldə edə, mobil operatorlar, internet və kommunal xidmət haqlarını ödəyə, kartınızı operativ şəkildə bağlaya, kredit təşkilatının yaxınlıqda yerləşən ofis və bankomatlarını tapa bilərsiniz.
İnternet-bankinq xidmətləri də eyni funksiyalara malikdirlər. Bu xidmət vasitəsilə siz bir çox xidmət növləri üzrə ödənişlər edə, hesabınız üzrə həyata keçirilən əməliyyatları izləyə, kartdan çıxarış ala, borclarınızı idarə edə, minimal ödənişin məbləği və ödənişin ediləcəyi tarix barədə məlumat əldə edə bilərsiniz. Bütün bunlardan əlavə, internet-bankinq xidməti vasitəsilə kredit kartının əldə edilməsi və ya kredit limitinin dəyişdirilməsi məqsədilə ərizə ilə müraciət edə bilərsiniz.
Xüsusilə qeyd edək ki, müxtəlif kredit təşkilatlarında mobil və internet-bankinq xidmətlərinə məxsus funksiyalar bir-birindən fərqlənir. Lakin əksər hallarda, bu xidmətlərin təklif etdiyi imkanlar üst-üstə düşür.
Əgər siz rahatlığa və növbələrdə vaxt itirməməyə üstünlük verirsinizsə, o zaman onlayn-bankinq xidmətlərindən istifadə etməklə bu istəklərinizi qarşılaya bilərsiniz. Bu xidmətlərdən istifadə etmək üçün bank şöbəsinə ərizə ilə müraciət etməyiniz tələb olunur. Bununla yanaşı, unutmamaq lazımdır ki, bu sistemlərdən təhlükəsiz şəkildə istifadə üçün nəzərdə tutulmuş müəyyən qaydalar mövcuddur (bütün parolları etibarlı yerdə saxlamaq, şifrələr haqqında heç kimə məlumat verməmək və vaxtaşırı onları dəyişmək lazımdır). Bu qaydalara ciddi şəkildə əməl olunmalıdır. Əks təqdirdə, siz fırıldaqçıların qurbanı ola bilərsiniz.
Sevinc İbadova/Banco.az