Bütün kartlar adlarına, üstünlüklərinə, dəyərinə və xidmətlərinə görə bir-birindən fərqlənirlər. Kredit kartını seçərkən aşağıdakı parametrlərə diqqət etməyiniz tövsiyə olunur.
1. Faiz dərəcəsi
Bu, bankdan istifadə etdiyiniz vəsaitə görə ödədiyiniz qiymətdir. Yəni götürdüyünüz kreditin faiz dərəcəsi nə qədər aşağı olarsa, o qədər yaxşıdır. Amma nəzərə alın ki, adətən faiz dərəcəsi az olduqda banklar bunu kartın öz qiyməti hesabına və ya komissiyalar ilə kompensasiya edirlər.
2. Komisyonlar və digər ödənişlər.
Bu, kart ilə müxtəlif əməliyyatlara görə təqdim olunan xidmətlərin dəyəridir. Məsələn, kartdan karta pul köçürmək, kartdan nağd pul çıxarmaq, kartın kodunu dəyişmək, kartın balansı ilə bağlı bildirişlər almaq. Bütün bunlara görə komisyonlar tutulur. Həmçinin kartın özünün də müəyyən dəyəri olur. Pulsuz təqdim olunana kartlar da vardır.
3. Kredit limiti
Bankdan borc götürmək istədiyiniz məbləğin maksimal limitini müəyyən edir. Bütün kartlarda kreditin həcmi ilə bağlı məhdudiyyətlər olur. Limit sizin ödəmə qabiliyyətiniz əsasında müəyyən olunur. Gəlirləriniz nə qədər çox olarsa, borc ala biləcəyiniz miqdar da bir o qədər böyük olur. Lakin borc limiti həddindən çox böyük olarsa, siz öz xərclərinizə nəzarət hissini itirər və borc tələsinə düşə bilərsiniz. Bunun baş verməməsi üçün öz məsrəflərinizi diqqətlə izləyin və borclarınızı vaxtında qaytarın.
4. Güzəşt müddəti
Bu, elə zaman kəsiyidir ki, siz həmin müddətdə borc götürdüyünüz vəsaitdən faizsiz yararlana bilərsiniz. Banklarda buna Grace-periode deyirlər. Yəni siz vəsaiti istifadə edir və göstərilən müddət ərzində karta geri qaytarırsınızsa, onda faktiki olaraq həmin məbləğdən pulsuz istifadə etmiş olursunuz. Güzəşt müddəti 30-50 və bəzən 60 gün də ola bilər. Güzəşt müddəti başa çatandan sonra bank faizləri hesablamağa başlayır.
5. Əlavə funksiyaların mövcudluğu
Öz xərclərinizi və hesablanan faizləri izləmək sizin üçün olduqca vacibdir. Buna görə də yaxşı olar ki, sms- xəbərdarlıq (notification) xidmətinə qoşulasınız. Bu zaman siz öz balansınız haqqında mütəmadi məlumat alacaqsınız. Həmçinin bonus proqramların mövcudluğu da əlavə bir avantaj ola bilər. Məsələn, edilən alış-verişə görə və ya xidmətlərin ödənişinə görə sərf etdiyiniz vəsaitin həcmindən asılı olaraq müəyyən ballar qazanmaq və sonra həmin ballara uyğun endirim əldə etmək və ya alış veriş etmək.
Axtardığınız kredit kartını portalımızın vasitəsi ilə seçə bilərsiniz. Bundan ötrü sadəcə aşağıdakı linkə daxil olmaq kifayətdir. Banco.az sizə bank təklifləri əsasında ən uyğun kartı seçməkdə yardımçı olacaqdır.
Könül Soltanova/Banco.az