Son zamanlar fırıldaqçılıq hallarının artması insanların təsəvvüründə kredit kartları ilə bağlı mənfi fikirlərin meydana gəlməsi ilə nəticələnmişdir.
Əslində isə kredit kartları insanların həyatında maliyyə aləti funksiyasını yerinə yetirir. Ağıllı insanlar bu maliyyə alətindən düzgün şəkildə istifadə etməklə, heç bir xüsusi səy və gözlənti olmadan, istəklərini anındaca reallaşdıra bilirlər.
Əksər banklarda standart kredit kartını əldə etmək üçün 15 dəqiqə vaxt sərf etmək tələb olunur. Bu, müştəri üçün olduqca rahatdır. Kredit kartını rəsmiləşdirmək üçün demək olar ki, heç bir sənəd tələb olunmur. Rəsmiləşdirmə zamanı əksər banklar müştəridən yalnızca şəxsiyyət vəsiqəsi tələb edirlər. Bu üsul sizə çox asan görünsə də, onun əks göstərişlərinin mövcudluğu ehtimalını nəzərdən qaçırmayın. Onların sırasına daxildir:
- Kartın aktivləşdirilməsindən dərhal sonra faizlərin tutulması
- İllik faiz dərəcələrinin yüksək olması
- Vəsaitin nağdlaşdırılması üzrə yüksək faiz dərəcələrinin müəyyən olunması
- Ödəmənin gecikdirildiyi təqdirdə, yüksək məbləğli cərimələrin tətbiq olunması
- Kreditin ümumi məbləğinin minimal həddə olması
- Güzəşt müddətinin olmaması
Əgər bu şərtlər borcalanı qane edirsə, o zaman həmin şəxs kredit kartını sifariş edə və ondan istifadə edə bilər.
Digər bir variant isə gəlirin mövcudluğunu təsdiq edən sənədlərin təqdim olunması yolu ilə kredit kartının rəsmiləşdirilməsidir. Bu tipli sənədlər kreditinin məbləğini artırmaqla yanaşı, həm də müştərinin bankdan müsbət cavab almaq şansını yüksəldir.
Kredit kartını əldə etməyin daha bir üsulu isə ödəniş kartı üzrə overdraftın rəsmiləşdirilməsidir. Bu kart artıq bir çoxları üçün kredit kartına çevrilib.
Müasir dövrdə kredit kartlarının ən məşhur növü güzəşt müddəti olan kredit kartlarıdır. Müxtəlif banklarda müştərilərə təqdim olunan güzəşt müddəti, adətən, 30-55 gün arasında dəyişir.
Maksimal müddət isə bankın daimi müştəriləri və ya bankın müsbət kredit tarixçəsinə malik olan müştəriləri üçün nəzərdə tutulur.
Kredit kartları sayəsində gün ərzində milyonlarla insan nağdsız əməliyyatlar həyata keçirir.
Qayda № 1
Kredit kartından istifadə etdiyiniz zaman diqqət yetirəcəyiniz ən əsas məqam bütün əməliyyatları yalnız nağdsız şəkildə həyata keçirməyinizdir. Unutmayın ki, nağdsız əməliyyatlar sizi əlavə faiz dərəcələri ödəməkdən sığortalaya bilər.
Qayda № 2
Kreditin ödənilməsi müddətinə diqqət yetirmək önəmlidir. Çünki bəzi banklarda güzəşt müddəti müqavilə imzalandığı gündən etibarən hesablandığı halda, digər banklarda bu müddət alış-veriş edildiyi gündən başlayaraq hesablanır. Məsələn, xərclənmiş məbləğ 30 günlük güzəşt müddəti ərzində tam şəkildə ödənilməlidir. Əks təqdirdə, güzəşt müddəti (30 gün) ərzində maddi vəsaitlərdən istifadəyə görə faiz hesablana bilər.
Qayda № 3
SMS-bildiriş xidmətini aktivləşdirmək mütləqdir. Bu xidmət vasitəsilə siz kartdan köçürülən və ya karta yüklənən vəsaitlərin məbləği barədə məlumatlı olacaqsınız. Bu isə sizə balansa nəzarət etməyə kömək edəcək. Başqa bir xidmət isə SMS-də qeyd olunmuş tarixə qədər 10 gün ərzində kreditin ödənilməsinin zəruriliyi barədə bank tərəfindən xəbərdarlğın edilməsidir. Bu xidmət sizə öz maliyyə əməliyyatlarınıza nəzarət etməkdə kömək edəcək.
Sevinc İbadova/Banco.az