Kredit kart istifadəçisi fırıldaqçıların hədəfinə çevrilməmək üçün nə etməlidir? | Banco.az

Kredit kart istifadəçisi fırıldaqçıların hədəfinə çevrilməmək üçün nə etməlidir?

"Kredit kart istifadəçiləri özlərini fırıldaqçıların hücumlarından sığortalamaq istəyirlərsə, ilk növbədə ehtiyatlı davranmalıdırlar. Sözügedən ehtiyatlı davranış forması xüsusilə yaşlı nəslin nümayəndələri üçün əsas müdafiə vasitəsi olmalıdır. Çünki bankomatdan istifadə edə bilmədikləri üçün yaşlı nəslin nümayəndələri, əksər hallarda, tanımadıqları insanlara müraciət edirlər ki, bu da onların fırıldaqçıların qurbanına çevrilməsini qaçınılmaz edir". Bu fikirləri "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev məsələ ilə bağlı verdiyi açıqlamasında səsləndirib.

"İstisna deyil ki, kömək üçün müraciət etdiyiniz şəxs fırıqdaqçı olub sizin hesabınızdakı pulları mənimsəyə bilər. Yaxud başqa bir variant: böyük ehtimalla həmin kənar şəxs sizin PİN-kodunuzu yadda saxlaya bilər. Bu səbəbdən də kredit kartını tanımadığınız insanlara etibar etməmək ən doğru qərardır. Hətta ən çıxılmaz vəziyyətlərdə və tanımadığınız şəxsə müraciət etmək məcburiyyətində qaldıqda belə, PİN-kodunuzu həmin şəxsə deməməyə çalışın.

Kredit kart istifadəçilərinin ən çox yol verdiyi səhvlərdən biri də PİN-kodu yadda saxlaya bilmədikləri üçün onu telefona və ya digər bir daşıyıcıya qeyd etmələridir. Bu da kart istifadəçilərini təhlükə qarşısında qoyan vəziyyətlərdən biridir. Çünki telefon və ya daşıyıcı itsə, o zaman sizə məxsus şəxsi məlumatların kənar bir şəxsin əlinə və sərəncamına keçəcəyi heç də uzaq ehtimal deyil.

Ən sərfəli kredit üçün müraciət et

İnsanlar hətta internetdə hesab üzrə əməliyyatlar aparan zaman da fırıqdaqçıların hücumuna məruz qala bilərlər. Pul köçürməsi əməliyyatını həyata keçirmək üçün şəxsdən müxtəlif məlumatların (şəxsin özünə məxsus məlumatlar) daxil edilməsi tələb olunur. Bu zaman diqqətdən qaçırmayın ki, əməliyyat zamanı kartın PİN-kodunu daxil etməyə ehtiyac yoxdur. Kartda olan məlumatların - seriya nömrəsi, kart sahibinin adı və kartın buraxılış tarixinin qeyd edilməsi kifayətdir", deyə ekspert bildirib.

“Kredit kartı itirildiyi təqdirdə, ən düzgün addım həmin kartı blok etməkdir” deyən Samir Əliyev məsləhətləri sırasında bu fikri də qeyd etməyi unutmayıb.

Sevinc İbadova/Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et