Kredit götürənlərin sayı artıb | Banco.az

Kredit götürənlərin sayı artıb

2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2014-cü ilin eyni dövründə cəmi borcalanların sayı 20,3%, başqa sözlə, 382 016 nəfər artaraq bu ilin noyabr ayının 1-nə 2 mln. 261 min 973 nəfər təşkil edib. Mərkəzi Bankın veridyi məlumata əsasən, bunun 10 min 679 nəfəri hüquqi, 2 mln. 231 min 569-u fiziki şəxs, 19 min 725 nəfəri sahibkarlıq subyektidir.

Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı kəskin artır. Belə ki, 2013-cü ilin oktyabr ayından indiyədək daha 377 833 fiziki şəxs borcalanların siyahısına daxil olub. Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 826 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 3357 nəfərlik artım olub. 

Təkcə sentyabr ayı ilə müqayisədə oktyabrda bankdan kredit götürən fiziki şəxslərin sayında 28 215, sahibkarlıq subyektlərinin sayında 448, hüquqi şəxslərin sayında isə 54 nəfərlik artım olub. 

Bu ilin oktyabr ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 294 990 sorğu daxil olub. Başqa sözlə, son bir ildə Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 27,13% artıb. Bu sorğuların 285 802-si banklar tərəfindən daxil olub. 9188 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib. Sentyabr ayı ilə müqayisədə oktyabrda ümumi müraciətlərin sayında azalma qeydə alınıb. Belə ki, oktyabrda MKR-ə daxil olan sorğuların sayı sentyabrdakı göstəricidən 17 029 müraciət azdır.  

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin 10 ayının göstəricilərini təhlil edəndə məlum olur ki, ümumilikdə fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında artım var. Başqa sözlə, ilin əvvəli ilə müqayisədə oktyabr ayında reyestrə daxil olan sorğular 5,1 dəfə çoxalıb. Məsələn, yanvar ayında 1799, fevralda 3452, martda 4228, apreldə 5589, mayda 4073, iyunda 4086 nəfər, iyulda 9205, avqustda 6487, sentyabrda 8580 nəfər kredit tarixcəsini öyrənmək istəyib, oktyabrda bu göstərici 9188-ə yüksəlib. Başqa sözlə, sentyabr ayı ilə müqayisədə oktyabrda fiziki şəxslərin sorğularının sayı 1,1 dəfə artıb. 

 

Oktyabr ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 261 973, kredit məlumatlarının ümumi sayı isə 8 593 218 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 1 064 867-dir.

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından fəaliyyət göstərir.

APA.az