Kredit faizlərini necə azaltmalı? | Banco.az

Kredit faizlərini necə azaltmalı?

Mərkəzi Bankın (MB) İdarə Heyətinin Sədri bildirib ki, rəhbərlik etdiyi qurum kredit faizlərinin tənizmlənməsinə təsir göstərə bilməz. Arqumenti sadədir: faiz dərəcələrini MB deyil bazar tənzimləyir. Bu cavabı çox sadə 2 sual yaradır: kredit faizləri Azərbaycan ilə müqayisədə 7 dəfə ucuz, yəni 3-5 faiz intervalında təklif edilən ABŞ və ya Avropa Birliyində faizləri bazar tənzimləmirmi? Və əgər həmin ölkələrdə “bazarlar” varsa niyə kredit faizlərini “tənzimləyib” bizdə olduqu kimi 25-35 faizə çatdıraraq yüksək gəlir əldə etmirlər? 

Kredit faizləri ilə bağlı vəziyyət, yumşaq desək, yaxşı deyil: Azərbaycan, Ukrayna və Belarus MDB-də ən yüksək faizlə kredit təklif edən ölkələrdirlər: Azərbaycanda bank likvidliyinin artımı, əmanətlər üzrə faizlərin aşağı düşməsi müşahidə edilsə də bank faizlərində azalma yoxdur. Hazırda kommersiya banklarının təklif etdikləri kredit faizləri 16 -30 faiz intervalında dəyişir. Depozitlər üzrə orta faiz dərəcəsi isə son bir ildə 16 faizdən 8 faizə düşüb.

Etiraf etmək lazımdır ki, MB sədrini bildirdiyi “bazar faktoru” da təbii ki, var. Digər sektorlarda mənfəət dərəcəsinin yüksək olması banklara faiz dərəclərini tam olaraq aşağı salmaq şəraitini yaratmır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin tədqiqatları göstərir ki, real sektorun əksər seqmentləri üzrə illik faiz norması bəzi hallarda 50 faizə yaxın olur. Bütün hallarda real sektorda mənfəət dərəcəsinin yüksək olması bankları da daha yüksək mənfəət əldə etmək üçün yüksək faizlə kredit verməsinə gətirib çıxarıb. Aydındır ki, real sektorda mənfəət norması birmənalı şəkildə bankların faiz siyasətini diqtə edən əsas faktorlardan biridir. Təəssüf ki, bu indiki halda yüksük bank faizlərinin formalaşması ilə ifadə edilir. 

Bəs, MB kredit faizlərini aşağı salıması üçün nə etməlidir?

Əslində, MB-nin əlində bazardakı kredit faizlərini tənzimləmək üçün kifayət qədər alətlər var. 

Birincisi, MB real kredit faizlərinin yüksəlməsində əhəmiyyətli təsirə malik olan komision haqqlarının tənzimlənməsini və haqqlar üçün “qiymət tavanının” müəyyənləşdirilməsini həyata keçirməlidir. Təəssüf ki, komision haqqları vətəndaşları daha aşağı faizli kreditlər adı ilə cəlb etmək üçün bankların ən çox istifadə etdiyi metoddur. Bəzi kommersiya bankları hətta 10-12 faizlik komision haqqları təklif edirlər. Bankların”faizi tələsi” əslində çox sadədir: banklar faizi elan edirlər, amma komison haqqlarının faizini bildirmirlər. Məsələn, 500 manatlıq kredit təklif edən bank 8 faizlik komision haqqı hesablayaraq həmin vəsaiti kreditin üzərinə əlavə edirlər. Bu zaman müştəri iki sənədə qol çəkir: 540 manatlıq kreditin alınması və 40 manatlıq komision haqqının ödənilməsi barədə. Amma ona 500 manat təqdim edilir. Buna baxmyaraq, kredit faizləri 500 manatdan deyil 540 manatdan hesablanır. Bu isə daha yüksək faizin ödənilməsinə səbəb olur. Təbbi, bank arqument gətirə bilər ki, 40 manat da kredit formasında təqdim edilib. Buna görə də, hal-hazırda inkişaf etmiş ölkələrdə simvolik olan komision haqqları üçün MB maksiumum limitlər müəyyyənləşdirə bilər. Bu baxımdan, MB komision haqqlarının 2 faizdən çox təyin edilməsinin qadağan etməsi məqsədəuyğun olardı.

İkincisi, MB kommersiya banklarına həmçinin “məzənnə oyununu” da qadağan etməlidir. Vətəndaş 500 manat kredit götürmək istəyirsə o zaman əksər banklar həmin vəsaiti ABŞ dollarına konvertasiya edir. Daha sonra isə yenidən manata keçirir. Faktiki olaraq, bank “valyutanın alış-satış məzənnəsində” müştərini, yumşaq desək aldadır. Manatla verilən kredit isə dollar ilə hesablanr. Buna görə də, MB kredit valyutasının yalnış müştərinin istədiyi valyuta ilə ödənilməsinə göstəriş verməlidir.

Üçüncüsü, MB bank sektorunda liberallaşmanı sürətləndirlməlidir. Bank sektoruna xarici kapitalın daxil olmasında süni baryerlər mövcuddur. Bütün bunlar bank sektorunda rəqabətin formalaşmasına, kredit faizlərinin düşməsinə imkan vermir. Praktik olaraq, bu gün heç bir xarici bank Azərbaycanın bank sektorundan sərbəst fəaliyyət göstərmir. Bu isə təbii ki, həmin sektorda rəqabətin inkişafına imkan vermir. “Əkiz bankların” mövcudluğu hal-hazırda rəqabətin formalaşmamasının əsas səbəblərindəndir. Bank sektorundakı liberallaşma kredit faizlərinin hətta 2 dəfə aşağı düşməsinə gətirib çıxara bilər.

Dördüncüsü, kommersiya banklarının mərkəzləşdirilmiş kredit resurslarına çıxış imkanları genişləndirilməlidir. Mərkəzi Bankın 4,75 faizlik uçot stavkası kommersiya kreditlərinin faiz dərəcəsind 4 dəfə azdir. Bu isə iqtisadi baximndan anormal balansdır. MB-nin mərkəzləşdirilmiş kreditlərinin həcmi bankların cəlb etdikləri kreditlərin cəmi 7 faizini təşkil edir. Bu da banklarin vəsaitlərin 93 faizini kənardan cəlb etmələri deməkdir. Bu baxımdan, kənar mənbələrin sayının çox olması cəlb edilən kredit resurslarının bahalı olmasına səbəb olur ki, son nəticədə kredit faizləri yüksəlir. Nəzərə alsaq ki, banklarda faiz dərəcəsinin yüksək olmasının səbəblərindən biri də yerli bankların beynəlxalq kredit reytinqinin yüksək olmaması ilə bağlıdır o zaman bunun əhəmiyyəti daha da artır. Beynəlxaql kredit reytinqinin yüksək olmaması bankalara birbaşa kredit resurslarına müraciət etmək şəraitini yaratmır. Banklar adətən vasitəçilər tapmaqla kredit resursları əldə etməyə çalışırlar. Bu da fazilərin artımına təsir edir. Belə ki, bu zaman cəlb edilən faizlərinin üzərinə cəlb edilən vəsaitlərin üzərinə əlavə vasitəçi faizi əlavə edilir ki, bu kredit xərcini artırır. Buna görə də, “ucuz resurslar” ilə MB bankların kredit xərclərinin azalmasına və faiz dərəcələrinin aşağı düşməsinə nail ola bilər.

Beşincisi, MB kommersiya banklarının beynəlxalq maliyyə qurumlarından daha aşağı faizli kreditlərin cəlb etməsinə imkan və stimul yaratmalıdır. Bu qurumların kredit faizlərinin 4-7 faiz intervalında dəyişdiyini nəzərə alsaq o zaman bu kommersiya bankları üçün ucuz maliyyə resursların yaranmasına gətirib çıxara bilər.

Altıncı, depozitlərin sığortalanan faiz dərəclərinin mərhələli azaldılması davam etməlidir. Depozit faizlərinin yüksək olması kredit faizlərinin də artmasına gətirib çıxarır. Depozit faizlərinin azalmasına nail olmaq “2 faiz arasındakı” əlaqənin bərpasına nail olmaq lazımdır.

Müəllif iqtisadçı ekpert: Vüqar Bayramov

Ən sərfəli kredit üçün müraciət et

 

Ən sərfəli krediti almaq üçün müraciət et