Kredit faizləri niyə ucuzlaşmır? | Banco.az

Kredit faizləri niyə ucuzlaşmır?

Hazırda Azərbaycanda banklar kreditləri olduqca yüksək faizlə verir. Hökumət hər dəfə kredit qurumları üçün nəzərdə tutulan kreditlərin faizlərini aşağı salsa da əhali arasında populyar bankların kreditləri ucuzlaşmır. Belə ki, MB-nin bankların təklif etdiyi kredit resurslarının ucuzlaşmasına hesablanan təsirli addımlarına baxmayaraq, kommersiya banklarının təklif etdiyi istehlak kreditləri üzrə illik dərəcələr hələ də 28-34% civarındadır.

Kredit faizləri niyə ucuzlaşmır?

İqtisadçı Samir Əliyev açıqlamasında bildirib ki, kredit faizlərinin hələ də bu qədər yüksək olmasının əsas səbəbi kredit resurslarının həddindən artıq baha olmasıdır. Belə ki, banklar krediti öz resursu hesabına vermir. Ola bilər ki, bank bunu əmanət şəklində, hansısa bankdan kredit alır. Ola da bilər ki resursu xarici banklardan cəlb edir. Bu cəlb edilən resurslar baha olduğuna görə, kreditlər də bahadır. İkinci tərəfdən bankların rəsmi və qeyri-rəsmi xərcləri kifayət qədər çoxdur. Bu gün bankların əsas gəlirləri faktiki olaraq kreditlərdəndir. Bütün xərclər də kreditlərdən gələn qazanc hesabına ödənir.
Üçüncü bir səbəb isə iqtisadi riskin olmasıdır. Yüksək faizli kreditlərlə banklar özlərini qaytarılmayan borclardan, problemli kreditlərdən sığortalayırlar.

Maraqlı məqam odur ki, bu yüksək faizli kreditlərin qarşılığında yenə də banklar yüksək mənfəət götürə bilmirlər. Mərkəzi Bankın son məlumatına görə, 8 bank hazırda zərərlə işləyir. Digər banklar isə az mənfəətlə. Onu da nəzərə almaq lazımdır ki, banklar ƏDV və mənfəət vergisindən də azaddırlar.

Banklar niyə zərərlə işləyir?

Ən sərfəli kredit üçün müraciət et

Bununla bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin eskperti Fərhad Bayramov danışıb. İqtisadçı deyib ki, məsələni dünyada neftin qiymətdən düşməsinin yan təsiri kimi qiymətləndirmək olar: “Mərkəzi Bankın hesabatlarına əsasən 2014-cü ildə Azərbaycan banklarının ümumi xərcləri onların ümumi gəlirlərini üstələmişdir. Bu isə o deməkdir ki, son on ildə Azərbaycan bankların ilk dəfə ili zərərlə başa vurmuşlar. Hesabatda deyilir ki, bankların zərərləri 373.66 milyon manata yüksəlmişdir. Lakin 2013-cü ildə isə bu rəqəm 171.31 milyon manat təşkil etmişdir. Bankların ümumi gəlirləri isə 2014-cü il üçün 370.54 milyon manat olmuşdur. Həqiqətən də Mərkəzi Bank ölkəmizdəki bankların 2014-cü ili zərərlə başa vurduğunu təsdiqləmişdir. Birinci növbədə biz bunu neftin dünya bazarındakı qiymətinin ucuzlaşmasının yan təsirləri olaraq dəyərləndirə bilərik. Belə ki, 2014-cü ilin sentyabr ayından etibarən bankların istiqrazlarına olan tələb kəskin şəkildə azalmışdır”.
Ekspertin sözlərinə görə, digər tərəfdən də yerli valyutanın devolvasiya olacağı ilə bağlı risklər səbəbindən əhali banklardan əmanətlərini çəkir: “Digər tərəfdən səbəb müştərilərin banklardakı manatla olan depozit hesablarından yerli valyutanın devolvasiya olacağı ilə bağlı risklərindən ötrü vəsaitlərini geri çəkmələridir. Mərkəzi Bank bildirir ki, bank depozitlərinin net mədaxil göstəricisi hətta 21.1% azalmışdır. Göründüyü kimi bütün bunlar əsaslı səbəb olaraq bankların zərərlərinin yüksəlməsinə gətirib çıxarmışdır”.
Lakin buna baxmayaraq iqtisadçı hesab edir ki, 2015-ci ilin ikinci yarısından sonra bu istiqamətdə olan göstəricilərin yaxşılaşacağını gözləmək olar. Bu eyni zamanda Mərkəzi Bank həyata keçirəcəyi valyuta siyasəti ilə yaxından əlaqəlidir.

pra.az