Kredit dərəcələri aşağı salına bilər | Banco.az

Kredit dərəcələri aşağı salına bilər

“Biznes kreditlərinin faiz dərəcələrinin birrəqəmli səviyyəyə çatdırılması əsas hədəflərdəndir”

Azərbaycan Mərkəzi Bankı Azərbaycanda faiz dərəcələrinin aşağı salınması ilə bağlı gələcəkdə addımlar atmaq niyyətindədir.

Bunu bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E. Rüstəmov deyib ki, maliyyə naziri Samir Şərifov ilə kredit faizlərinin, xüsusilə də biznes kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması ilə bağlı müzakirələr aparılır.

Onun sözlərinə görə, biznes kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyə çatdırılması əsas hədəflərdəndir: “Biz bir sıra amilləri də hərəkətə gətirəcəyik və 2015-ci ildə kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması istiqamətində addımlar atacağıq”.

AMB rəhbəri ölkədə faiz dərəcələrinin yüksək olmasının səbəblərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, əmanətlər üzrə faiz dərəcəsinin yüksək olması kredit faizlərinin yüksək olmasına gətirib çıxarır:

“2014-cü ildə Azərbaycan iqtisadiyyatı üzrə faiz dərəcəsi 14,3% təşkil edir. Bunun  təxminən dörddə üçü kommersiya kreditləridir. Bu kreditlər üzrə faiz dərəcəsi 10,8% təşkil edir. Yəni, təxminən 11%-dir. Bu kreditlərin dörddə birini təşkil edən istehlak kreditləri üzrə faiz dərəcəsi təxminən 18% təşkil edir. Lakin bu istehlak kreditlərinin strukturu çox müxtəlifdir. Burada kreditlər iki hissəyə bölünür: təminatlı və təminatsız. Tutaq ki, avtomobil kreditləri üzrə faiz dərəcəsi 14,8%-dir. Dövlət xətti ilə verilən ipoteka kreditləri üzrə faiz dərəcəsi isə 4 və 8%-dir. Bütövlükdə bankların öz vəsaitləri hesabına verdikləri ipoteka kreditləri üzrə faiz dərəcəsi isə 9-10%-dir.

Ən sərfəli kredit üçün müraciət et

Lakin, istehlak kreditləri üzrə faiz dərəcələri 35%-ə qədər çatır.

Amma bu hansı kreditlərdir? Bu tam təminatsız kreditlərdir. Yəqin ki, bir çoxunuz, millət vəkilləri, iş adamları və sair kredit kartlarından istifadə edirlər. Kredit kartları üzrə verilən kreditlər tam təminatsızdır. Sadəcə olaraq bankda hesabınız var, kredit kartları götürmüsünüz. Hər hansı vəsaitə ehtiyac varsa, imzaladığınız müqaviləyə görə, sizə qoyulan limitlər üzrə vəsaitinizi artıra bilərsiniz. Bu kreditlər üzrə faiz dərəcələri çox yüksəkdir. Əhalinin bir çox hissəsi belə kreditlərdən istifadə edir. Bütün dünya praktikasında bu çox yüksək riskli kredit hesab olunur. Çünki bunun arxasında girov dayanmır, çox sadələşdirilmiş bir kreditdir. Sadəcə bu kredit çox vaxt hətta telefonla həll olunur. Burada geri qayıtmayan, problemli kreditlər təxminən 18%-ə çatır. Təbii ki, bu gün bankları müdafiə etmək fikrində deyiləm.

Əgər kreditlərin maya dəyərinə baxsaq, ilk növbədə əmanət faizlərin toxunmaq istəyirəm. Əmanətlər üzrə orta faiz təxminən 9,6%-dir. Bu olduqca böyük bir rəqəmdir. Bizim əhali öz vəsaitlərini banklara çox yüksək faizlə qoyur. 2014-cü ildə bankların əhaliyə ödəyəcəkləri faiz gəlirləri 500 mln. manat təşkil edəcək. Bu olduqca ciddi bir rəqəmdir və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında olduqca mühüm rol oynayır. Bankların isə kreditlərdən əldə edəcəyi gəlirlər təxminən 420-430 mln. manat səviyyəsində proqnozlaşdırılır. Yəni banklar, bu gün əmanətlərə görə əhaliyə daha çox faiz ödəyirlər. Yəni, bütövlükdə fəaliyyətlərindən götürdükləri gəlirlər bundan azdır. Açıq etiraf etmək lazımdır ki, bu gün pula olan tələbat əhəmiyyətli dərəcədə çoxdur, kreditlərə olan tələbat əhəmiyyətli dərəcədə çoxdur.  Bu bazar hələ də tələb bazarıdır. Təklif bazarı deyil. Tələbat böyük olanda qiymətlər də yüksək olur”. 

APA.az