Kredit borclarının qaytarılması hansı yollarla təmin edilir? | Banco.az

Kredit borclarının qaytarılması hansı yollarla təmin edilir?

Rabitəbank ASC-nin Problemli Kreditlərlə İş Departamentinin direktoru Şakir Kərimov bu gün aktual məsələ olan problemli kreditlərlə bağlı öz fikirlərini bölüşüb. Bu barədə Banco.az portalı Trend-ə istinadən məlumat verir.

Ş.Kərimovun sözlərinə görə, kredit götürülən zaman girovla təmin edilmədiyi hallarda da demək olar ki, kifayət qədər borcların ödənilməsi üçün görülən tədbirlər təkmilləşdirilmişdir:

“Kredit borcunun ödənilməsinə dair məhkəmə qərar verdikdən sonra icra bölmələri tərəfindən borcluların adına hər hansı əmlakın olub-olmaması sorğu verilərək dəqiqləşdirilir. Sorğu nəticəsində borcluların adlarına hər hansı daşınmaz əmlak, avtomobil olarsa dərhal üzərinə həbs qoyulur. Bundan sonra borcun ödənişi üzərinə həbs qoyulmuş əmlaka yönləndirilir. Bunun üçün artıq dövlət tərəfindən də müəyyən addımlar atılmışdır. Məsələn: artıq avtomobillərin etibarnamə əsasında satılması demək olar ki, kifayət qədər azalmışdır. Çünki mülki etibarnamələr artıq 1 ildən yuxarı müddətə verilmir. Bununla yanaşı üzərinə həbs qoyulan avtomobillər əvvəllər yalnız yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılırdısa, artıq icra məmurları tərəfindən saxlanılaraq cərimə meydançasına aparıla bilər”.

Ən sərfəli kredit üçün müraciət et

Ş.Kərimov bildirib ki, verilən sorğuların nəticəsində adlarına heç bir əmlak aşkar edilməyən borcluların əmək haqqından, təqaüdündən, pensiyasından və. s. digər gəlir mənbələrindən tutulmalar şəklində borclarının ödənilməsi təmin olunur:

“Bu da yoxdursa o zaman respublikaya giriş-çıxışına qadağa qoyularaq ölkə sərhəddini tərk etmək üçün məhdudiyyətlər qoyulur. Eyni zamanda qanunla borcu qaytarmayan müştərilərin, krediti verən təşkilat tərəfindən ictimai qınaq obyektinə çevrilməsi üçün atılan addımlar da tam şəkildə qanunidir. Demək olar ki, götürülən borcların səbəbsiz qaytarılmamasına ümid edənlərin hamısının arzuları ürəklərində qalacaqdır”.