Koronavirus pandemiyası təyyarə səfərlərində nəyi dəyişdirdi? | Banco.az

Koronavirus pandemiyası təyyarə səfərlərində nəyi dəyişdirdi?

Tamara Mustafayeva, Banco.az

Artıq demək olar ki, bütün Avropa ölkələrinin sərhədlərini yenidən açması və hava yolu şirkətlərinin fəaliyyətlərini bərpa etməsi haqqında xəbərləri eşidirik. Odur ki, yaxın vaxtlarda hər hansı bir təyyarə səfəri planlaşdırırsınızsa, sizi hansı yeniliklərin gözlədiyini məqaləmizdən öyrənə bilərsiniz.

Yay aylarında Avropaya səfər etməyi düşünənlər koronavirus səbəbilə görülən tədbirləri sadəcə təyinat yerində öyrənməsinlər deyə həm hava limanında, həm də təyyarənin göyərtəsində tətbiq edilən xüsusi qaydalardan xəbərdar olmalıdırlar.

Yeni hava limanı prosedurları necədir?

İlk olaraq qeyd edək ki, Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA) tərəfindən açıqlanan cari təlimatlara görə, bütün sərnişinlər yola düşdükləri hava limanının uçuş terminalına daxil olduqları andan səfər etdikləri ölkənin hava limanındakı müvafiq terminaldan çıxanadək qoruyucu maska geyinməlidirlər. Bu qayda 6 yaşından kiçik uşaqlara və səhhəti ilə bağlı olaraq maska geyinə bilməyən şəxslərə şamil edilmir.

Sərnişinlər səfər əsnasında hər dörd saatdan bir qoruyucu maskalarını dəyişdirməli və müntəzəm olaraq əllərini su ilə yumalı, həmçinin dezinfeksiyaedici məhlullardan da istifadə etməlidirlər. Qeydiyyat, təyyarənin göyərtəsinə daxil olmaq və müvafiq reys təbii olaraq, bir neçə saat davam edəcəyi üçün sərnişinlərdən əl baqajlarında ən azı bir və ya iki əlavə maska gəzdirmək tələb edilir.

Baqaj, qidalanma və göyərtəyə daxil olma prosedurları – hansı fərqlər var?

Almaniyanın əksər hava limanlarında hazırda sərnişinlərə sadəcə əl baqajı daşımağa icazə verilir, bununla da təhlükəsizlik yoxlanışı zamanı yoluxma riskinin azalacağı ehtimal olunur. Qeydiyyat və təhlükəsizlik yoxlanışı zamanı sərnişinlərdən sosial məsafəyə (ən azı 1.5 metr) əməl etmək tələb edilir.  

On the first day of the reopening of Malpensa Airport, a man checks in for his flight wearing a mask

Almaniya Hava limanları Assosiasiyası (ADV) minimum məsafəni saxlamaq üçün hava limanı və hava yolları şirkətlərinə sərnişinlərin bütün lazımi prosedurlarını asanlaşdırmağı tövsiyə edib. Növbədə gözləyən insanların sosial məsafə qaydasına əməl etməsini təmin etmək üçün xüsusi baryerlər və döşəmə nişanları qeyd olunmalıdır. Assosiasiyanın irəli sürdüyü digər bir təklifə görə, əlavə qeydiyyat masaları istifadəyə verilməli və gözləmə məntəqələrindəki oturacaq yerlər yığışdırılmalıdır.

Qeydiyyatdan keçib minik vaxtına qədər terminalda gözləyən və bu əsnada qida və ya içki qəbul etməyi düşünən sərnişinlər mütləq bilməlidirlər ki, hava limanlarında fəaliyyət göstərən restoran və dükanların heç də hamısı yenidən istifadəyə verilməmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Hava limanı və hava yolu şirkətləri sərnişinlərdən sağlamlıq müayinəsindən keçməyi tələb edəcəklərmi?

Hazırda Almaniyanın hava limanlarında termal kameralar və infraqırmızı termometrlər məcburi deyil, ancaq lazımi avadanlıqlar ölkədəki bütün hava limanlarında mövcuddur.

Almaniyanın ən böyük hava yolu şirkəti Lufthansa rəsmiləri bildirib ki, onlar sərnişinlərə uçuşdan əvvəl koronavirus testi təklif etməyi planlaşdırırlar. Şirkətdən bildirilənə görə, sözügedən testlər ilk olaraq Frankfurt və Münhen hava limanlarında həyata keçiriləcək. Testin nəticələri isə dörd saat ərzində hazır olacaq.

Təyyarədə yoluxma riski varmı?

Passengers wearing a face masks to protect against the spread of coronavirus COVID-19 boarding into an aircraft of the Swiss International Air Lines

“Təyyarənin salonunda yoluxma riski çox aşağıdır” – bu fikirlər Avropanın transmilli hava nəqliyyatı istehsalçısı Airbus şirkətinə məxsusdur. Şirkətdən bildirilənə görə, təyyarə salonundakı hava axını kabinanın tavanına doğru hərəkət edir, digər sərnişinlərə təmas etmir.

“Xüsusi hava filtrlərinin sayəsində hava axını kabinanın yuxarısından aşağısına doğru hərəkət edir və sadəcə üç dəqiqə ərzində kabinadakı bütün hava axını yenilənir.”

Lakin Bernhard-Nocht-Tropik Tibb İnstitutunda virus diaqnostikası departamentinin rəhbəri virusoloq Jonas Schmidt-Chanasit bu iddianın doğruluğuna etibar etmir. O bildirir ki, hava axının tamamilə filtrləndiyi şəraitdə belə risk ehtimalı hər zaman qüvvədə olacaq. Virusoloq həmçinin vurğulayıb ki, qısa məsafəli uçuşlarla qitələrarası aviareyslər eyni deyildir, məsafə uzandıqca risk faktoru artır.

Həmçinin oxu: Uçuş zamanı telefonlar mütləq söndürülməlidirmi?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et