Müəllif:Ayşən İmanova/Banco.az
Cənubi Koreya Mərkəzi Bankı gözlənilmədən uçot dərəcəsini 3,25%-dən 3%-ə endirib.
Banco.az xəbər verir ki, bu barədə tənzimləyicinin bəyanatında deyilir.
Mərkəzi Bank inflyasiyanın yavaşlaması və iqtisadi artımın zəifləməsi fonunda ardıcıl ikinci iclasdır ki, faiz dərəcələrini endirir. İndi bu göstərici son iki ilin minimum səviyyəsindədir.
“Trading Economics” və “Financial Times” yazır ki, bu, noyabr ayında faiz endirimini gözləməyən analitiklər üçün sürpriz olub. Oktyabr ayında göstərici 2020-ci ilin may ayından bu yana ilk dəfə (3,5%-dən 3,25%-ə qədər) endirilib və bundan əvvəl Mərkəzi Bank ardıcıl 13 iclasda uçot dərəcəsini son 16 ilin ən yüksək səviyyəsində saxlayıb.
Mərkəzi Bank bu il Cənubi Koreyanın ÜDM artımı proqnozunu əvvəllər gözlənilən 2,4%-dən 2,2%-ə, gələn il isə 2,1%-dən 1,9%-ə endirib.
Koreya Bankı bu il istehlak qiymətlərinin 2,3% artacağını, 2025-ci ildə isə artım tempinin 1,9%-ə enəcəyini gözləyir. Baza inflyasiyanın 2024-cü ildə orta hesabla 2,2%, 2025-ci ildə isə 1,9% olacağı gözlənilir.
Mərkəzi Bankın bəyanatında bildirilir ki, xarici ticarətdən əhəmiyyətli dərəcədə asılı olan Cənubi Koreyanın iqtisadiyyatı qlobal iqtisadi tendensiyalarda artan qeyri-müəyyənliklə üzləşir. Bu, digər məsələlərlə yanaşı, Donald Trampın ABŞ-nin növbəti prezidenti seçilməsi və davam edən geosiyasi münaqişələrlə bağlıdır.