Bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 123 milyon 466 min manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8% çoxdur.
Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 2,3 dəfə artaraq 67 milyon 278 min manat olub.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 34 milyon 198 min manat təşkil edib ki, bu da illik müqayisədə 60,3% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 28,2% artaraq 15 milyon 95 min manata çatıb.
Beləliklə, 2020-ci ilin yanvar-fevral aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 27,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar-fevral aylarında 20,5 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 40,8 manatdan 22,4 manata düşüb.
Həyat sığortası 31%, qeyri-həyat sığortası isə 47% artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 40 milyon 715 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 31,1% çoxdur.
Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 150 milyon 29 min manat təşkil edib. Bu isə illik müqayisədə 47,4% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 72,9% artaraq 21 milyon 282 min manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 34,6% artaraq 28 milyon 12 min manata çatıb.
Beləliklə, 2020-ci ilin yanvar-fevral aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,3 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 18,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ilin yanvar-fevral aylarında müvafiq olaraq 39,6 manat və 20,45 manat olub.
Renkinq