“Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Risklərin idarə edilməsində sığortanın rolu” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb”
Müəllif : Aida İsaq
Dünyanın dörd bir tərəfi fərqli həyat tərzində yaşayan, müxtəlif zövqlərə, xarakterlərə, zəhmətlə qazandığı uğurlara bəzən axsaqlıqlara sahib olan, rəqəmlərlə ifadə etsək sayının artıq milyardlara qədər gəlib çıxdığı insanlarla əhatələnib. Bəşəriyyətin illərlə formalaşdırdığı mədəni, iqtisadi və sosial əlaqələr insanların həyat şərtlərinin müxtəlifləşməsinə, dövrün getdikcə inkişaf edərək texnologiya əsrinə çevrilməsinə gətirib çıxardı. Ancaq bütün bu fərqliliklərin, inkişaf meyillərinin tək amalı vardır – Xoşbəxt Yaşamaq
Bu xoşbəxt yaşamaq anlayışına yaşadığı yerdən, milliyətindən, cinsindən asılı olmayaraq şəxsin rahatlığının, azadlığının, sağlamlığının və maddi durumunun qaydasında olması, əzizləri ilə birgə xoş zaman keçirə bilməsi, yeni biliklər öyrənməsi, fərqli ölkələr kəşf etməsi, yeni tanış olduğu yeməklərdən dadması və s. kimi həyat zövqləri daxildir.
Bəzən bunun üçün mübarizə apardığımızın fərqinə varmasaq da, kiçik misallarla xatırlamağa başlaya bilərik. Səhər yuxudan ayılarkən özümüz üçün süzdüyümüz isti çay (kofe), yolda gedərkən insanların üzündə axtardığımız kiçik təbəssümlər, dinləmək üçün kəşf etdiyimiz yeni musiqilər, sevdiklərimizlə keçirdiyimiz zamanlar ... Birbaşa və ya dolayı yollarla özümüzə, sevdiklərimizə qayğı göstərərək dadmaq istədiyimiz xöşbəxtlik anları bizdən kilometrlərlə uzaqda yaşayan insanlardan fərqimizin olmadığını göstərir. Təbii ki, bütün həyatımızın ancaq xoş günlərdən ibarət olduğunu deyə bilmərik. Həyatımızın hansısa mərhələsində müəyyən problemlərlə, maddi/mənəvi çətinliklərlə, yaxud sağlamlığımızı təhlükəyə atacaq risklərlə qarşılaşa bilərik.
Bəs həyatımızda xoşbəxt anlarımıza mane olacaq ən önəmli faktorlardan biri olan sağlamlıq risklərindən necə qoruna bilərik?
Hazırda ölkəmizdə və dünya təcrübəsində insan həyatının qarşılaşa biləcəyi risklərin idarə olunması üçün istifadə olunan ən effektiv metodlardan biri həyatın sığortalanması prosedurudur. Yəni biz başımıza gələ biləcək xoşagəlməz hadisələrdən özümüzü sığortalayaraq bir növ gələcəyimizi risklərə qarşı qarantiyə almış oluruq. Eyni zamanda bunu həm maddi həm mənəvi cəhətdən sevdiklərimiz üçün də düşünülmüş addım hesab etmək olar.
Hazırda ölkəmizdə həyat sığortası istiqamətində icbari sığorta (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta) və könüllü həyat sığorta növləri vətəndaşlara şamil olunur.
İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur.
Könüllü həyat sığorta növləri isə ölkədə fəaliyyət göstərən müxtəlif şirkətlər tərəfindən sərfəli şərtlərlə vətəndaşlara təklif olunur :
Həyatın Ölüm Halından Sığortası - Müəyyən edilmiş müddətdə sığorta olunanın öldüyü halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur. Məsələn, əgər sığorta müqaviləsi 10 il müddət müəyyən edilmişdirsə, həmin müddətdə sığorta olunan öldükdə, faydalanan şəxs sığorta ödənişi alacaqdır. Sığorta olunan bu müddət başa çatdığı anda yaşadığı halda, sığorta müqaviləsi başa çatır və heç bir ödəniş verilmir.
Həyatın Yaşam Sığortası - Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur. Yəni, əgər sığorta olunan müqavilədə nəzərdə tutulmuş müddətin sonuna qədər yaşayarsa, o, müqavilədə nəzərdə tutulmuş sığorta məbləğdə (sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin ifadə olunduğu son hədd) sığorta ödənişi alacaqdır. Yox, əgər o, bu müddət ərzində ölərsə, sığorta məbləği faydalanan şəxsə (bir qayda olaraq, onun varisinə) ödəniləcəkdir. Göründüyü kimi, həyatın yaşam sığortası, ölüm halından sığortasından fərqli olaraq hər iki halda – həm sığorta olunanın müqavilədə nəzərdə tutulmuş müddət ərzində öldüyü, həm də bu müddətin sonuna qədər yaşadığı hallarda sığorta ödənişinin verilməsini nəzərdə tutur. Bu hallardan asılı olaraq, sadəcə sığorta ödənişini alan şəxs dəyişir. Elə buna görə də bu sığorta sinfi əsasında bağlanan həyat sığortası müqavilələri həyat sığortaları içərisində ən bahalı (sığorta haqqının ən çox ödənildiyi) müqavilələrdir.
Аnnuitet Sığortası - Sığorta olunanın müəyyən yaşa çatması, yaşı, əlilliyi və ya xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirməsi, ailə başçısını itirməsi, işsiz qalması və şəxsi gəlirlərinin azalmasına, yaxud itirilməsinə səbəb olan digər hallarda onun xeyrinə pensiya, yaxud renta şəklində dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur. Yəni, annuitet sığortası müqaviləsi üzrə sadalanan hallarda sığorta şirkəti müqavilədə nəzərdə tutulmasından asılı olaraq sığorta olunana aylıq, rüblük, yarımillik və ya illik ödənişlər verir. Aydındır ki, 60 yaşında olan insanın əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar gəlirlərinin azalması ehtimalı böyükdür. Bu halda annuitet sığortası vasitəsi ilə şəxsin 60 yaşına qədər hər il ödədiyi sığorta haqqı müqabilində ona 60 yaşından etibarən ömrünün sonuna qədər sığortaçı tərəfindən ödəniş verilə bilər. Bu əhali arasında pensiya kimi tanınan sığorta təminatıdır.
Əmək Qabiliyyətinin İtirlilməsi Hallarından Sığorta - Sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdiyi halda, onun itirilmiş gəlirinin əvəzini ödəmək məqsədilə vaxtaşırı sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutur. Qəfil baş verən bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini qismən də olsa itirmiş və nəticədə gəlirindən məhrum olmuş insan belə bir vəziyyətin yaranacağını heç ağlına da gətirmirdi. Əlbəttə ki, əmək qabiliyyətini sığortalamış olsa vəziyyətini qismən də olsa yüngülləşdirmiş olar.
Sağalmaz Xəstəliklərdən Sığorta - Sığorta olunanın səhhətində onun həyatını təhlükə altına qoyan xəstəlik müəyyən edildikdə sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutur. Sağalmaz xəstəliklərdən sığorta - Xərçəng; Miokard infarktı; İnsult; Terminal böyrək çatışmazlığı; Tac arteriyaların cərrahi yolla müalicəsi; Həyati əhəmiyyətə malik orqanların köçürülməsi kimi xəstəlikləri əhatə edir. Sağalmaz xəstəliklərdən sığorta nə tibbi sığortanı əvəz edir, nə də ki, təkrarlayır. Bu sığorta növü üzrə sığorta hadisəsi baş verdiyi halda, sığortalıya ödənilmiş sığorta məbləğinin məhz hansı xərclər üzrə sərf edilməsi ilə bağlı heç bir hesabat tələb olunmur və sığorta müqaviləsi bağlamaq üçün sağlamlığı təsdiq edən əlavə sənədə ehtiyac yoxdur.
Bəs könüllü həyat sığorta növlərindən hansına müraciət etsək bizi həm daha çox risklərdən qoruya bilər həm də daha sərfəli olar?
Mövzuyla bağlı sığorta üzrə ekspert İlkin İbrahimov fikirlərini bizimlə bölüşüb:
“Ümumiyyətlə ölkəmizdə könüllü həyat sığorta növləri sığorta yığımlarına görə ən çox yığım olan sığorta növlərindən biridir. Adından gördüyümüz kimi vətəndaşlar bu növ sığortaya könüllü şəkildə cəlb olunurlar. Həyat sığortasında isə yəni həyatımızın yaşamla bağlı olan məsələlərinə bu təsir edir. Hazırda həyatın yaşam sığortası vardır ki, bu könüllü növlərə aiddir. Bizim əmək haqqımızdan aşağı və ya yuxarı olmasından asılı olaraq burada sığortalanmaq mümkündür. Yəni biz öz həyatımızı sığortalayırıq. Həyatımızın hər hansısa bir məqamında biz əgər xəsarət alırıqsa, ömrümüzü bitiririksə yəni qəfildən gözlənilməz hadisələr baş verdiyi zaman bizim varislərimiz üçün sığorta kompensasiyaları verilir. Və bu sığorta kompensasiyaları böyük həcmdə verilir. Bu bizim əməkhaqımızın 50 faizi qədər hansı ki, sosial ödənişlərlə bağlı hissəsi yığılır, üç və ya beş illik müddətdə yığım sığortasında toplanır, üzərinə müəyyən dərəcədə faiz gələrək müqavilə müddətinin sonunda sığortalılara geri qaytarılır. Yəni bu ölkəmiz üçün ən optimal olan variantdır. Bu eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan aldığımız pensiya ilə müqayisə oluna bilər. Bildiyiniz kimi, pensiya yaşına çatmaq üçün, müəyyən kapital yığılması üçün biz daha çox – 25 il müddətinin keçməsini gözləyirik. Lakin həyat sığortasında belə gözləmələr daha azdır.”
Ekspertin sözlərinə görə, bu ölkəmizdə ən yaxşı prespektivi olan investisiya sığortalarından biridir. Həyat sığorta növlərindən danışarkən ölkəmizdə fəaliyyət göstərən həyat sığorta şirkətlərinin siyahısına nəzər salmaq da yerinə düşər.
Həyatımızda yarana biləcək risklərdən bizi qorumaq üçün yuxarda qeyd olunan şirkətlər öz könüllü həyat sığorta paketlərini müştərilərinə təqdim edirlər. Elə müvafiq siyahıdan PAŞA Həyat Sığorta şirkətinin marketinq bölməsinin rəhbəri Ruslan Ələkbərov gözləmədiyimiz anlarda qəfil yarana biləcək və ya istənilən bütün risklərlə mübarizə zamanı həyat sığorta növlərinin əhəmiyyətini vurğulayıb.
“Kaskadyor olmasanız və ya hər hansısa riskli peşədə işləməsəniz də, mütləq həyat sığortası növlərini bir nəzərdən keçirməlisiniz. Bu məhsullar planınızdan aslı olaraq hər bir halda sizə yardımçı olacaq. İstər ev almaq üçün pul yığmaq, istər övladınızın dünyaca məşhur universitetdə təhsil alması üçün ona maddi dəstək olmaq və ya çətin sağalmaz xəstəliklərlə rastlaşdığınız halda böyük məbləğ tələb edən xərclərdən yan keçmək.
Bu məhsula mən, sevdikləriniz üçün “Təhlükəsizlik yastığı” deyərdim. Yəni hər hansısa bədbəxt hadisə baş verərsə, potensial maddi çətinliklərinizi minimuma endirə bilərsiniz. Həyat sığortası bazarındakı vəziyyətə baxsaq görərik ki, 2021-ci ildə həyat sığortası üzrə yığımlar keçən ilə nisbətən artmışdır. Belə ki, Mərkəzi Bankın statistikasına görə, yığımlar, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 24% daha çoxdur.
Praktikada görürük ki, könüllü həyat sığorta məhsulları əsasən iki istiqamətdə təklif edirilir: risk və investisiya (yığım). Risk tipli məhsullardan fikrimcə fərdi həyat sığortası müştərilərimiz üçün çox faydalı və vacibdir. İnvestisiya tipli məhsullardan isə “Həyatın Yaşam Sığortası”nı qeyd etmək lazımdır. Bu məhsul ilə müştərilər həm həyatlarını sığortalayır, həm də yığım edə bilirlər.”
Koronavirus pandemiyasının kütləvi hal alması insanlar arasında həyati risklərin bir göz qırpımı qədər yaxın olduğunu bir daha xatırlatdı. Psixoloq Xanım Quliyeva sözügedən mövzuyla bağlı danışarkən məsələnin daha da aktuallaşması üçün maarifləndirici məlumatların paylaşılmasının vacibliyini bildirib.
“Sığortanı həm də kültürəl qiymətləndirə bilərik. Hər toplumun öz yayğın sığorta vərdişi olduğunu görə bilərik. Nəzərə alsaq ki, sağlamlıqla bağlı məsələlər bizim toplum üçün yalnız problem yarandıqda aktuallaşır, ilk növbədə əslində edə biləcəyimiz hər şeyin sağlığımıza bağlı olduğunun fərqinə varmalıyıq. Bu bizim böyüdülmə tərzimiz, öncəlliklərimizdən də asılı olan əslində çox dərin mental dəyərlərimizdən qaynaqlanır. Sağlamlıqla bağlı profilaktik tədbirlər bizim üçün yayğın deyil, çox aşağı göstəricidədir. Bu sağlamlıq sığortasının da dünya ölkələri ilə nisbətdə aşağı göstəricidə olmasına səbəb olur. Aktuallaşdırma üçün sağlamlıq sığortasının faydaları haqında daha əlçatan, anlaşılabilən maarifləndirici məlumatlar paylaşmaq faydalı olar. Çünki insanlar mülk sığortası etdikdə hər hansı risk vəziyyətində, qarşılarına çıxan zərəri önləyəbiləcəklərinə inanırlar və təcrübədə də bunu görə bilirlər. Sağlamlıq sığortasının güvənilir olması və öz mahiyyətinə uyğun işləkliyinin olmasını təcrübə edən insanlar ona etibar da edə bilərlər. Beləliklə olduqca faydalı və əslində daha çox önəm verməli olduğumuz sağlamlıq məsələləri gündəlik diqqət edəcəyimiz mövzuya da çevrilə bilər.”
Qeyd etdiyimiz kimi koronavirus pandemiyası insanları sağlamlıq riskləri mövzusunda daha da həssaslaşdırdı. Bəs adı çəkilən dövrdə könüllü həyat sığorta növlərinə vətəndaşlar tərəfindən edilən müraciətlərin dinamikası necə dəyişdi? Bu barədə məlumat verən sığorta eksperti İlkin İbrahimov insanlar arasında könüllü həyat sığorta növlərinə marağın bu dövrdə daha da çoxaldığını bildirdi:
“Pandemiya, xüsusən koronavirusla bağlı məsələlərdə doğurdan da həyatımız üçün riskləri qaçılmaz hala gətirib çıxardı. Pandemiyayla əlaqədar mənfi hallar yaşansa da, sığortayla bağlı sığorta məhsulları daha da çoxaldı. Məsələn, vətəndaşlarımız koronavirus məhsulları almağa başladılar. Həyat sığortasıyla, sağlamlıq sığortasıyla bağlı vətəndaşların daha çox müraciət etməsi sığorta yığımlarının dinamikasında artımlara gətirib çıxardı. Ümumilikdə vətəndaşların əksəriyyəti hansı ki, sığortayla bağlı hələ də fikirləşmə mövqeyində olanlar da, gedib özlərini sığortalamağa önəm verdilər ki, gələcəkdə hər hansısa risklərin qarşısı alınsın.”
Müvafiq dövrdə həyat sığorta növlərinin reytinqində yüksəlmələrin müşahidə olunması belə bir sualın meydana çıxmasına səbəb olur :
Vətəndaşlar sağlamlıqlarını qorumaq məqsədi ilə könüllü həyat sığorta növləri arasında seçim edərkən daha çox hansı sığorta növünə müraciət edirlər?
Bu barədə sualları PAŞA Həyat Sığorta şirətinin marketinq bölməsinin rəhbəri Ruslan Ələkbərov cavablayaraq təmsil etdiyi şirkətin bu istiqamətdə müştəriləri üçün yeni innovativ həllər üzərində çalışdıqlarını da qeyd etdi :
“Müştərilər öz məqsədlərindən asılı olaraq fərqli könüllü həyat sığortası məhsullarını seçirlər. Statistika göstərir ki, əsas maraq yığım tipli məhsullaradır. Daha öncə qeyd etdiyimiz “Həyatın Yaşam Sığortası”, həmçinin “Gəlirli Həyat Sığortası” ən çox tələb olunan məhsullar sırasındadırlar. Bir sıra faktorlar vardır ki, müştəriləri bu məhsulları məhz PAŞA Həyatdan almağa cəlb edir.
Rəqəmsal transformasiya yolundayıq, müştərilərə rəqəmsal, innovativ həllər təqdim edirik və nəticədə onların sorğuları operativ həll olunur. Təbii ki, bu da öz-özlüyündə müştəri məmnuniyətini artırır. Onu da qeyd edim ki, dövlət dəstəyi olan məhsullardan asılılığımızı azaltmaq yolunda çalışırıq və inanıram ki, yaxın illərdə könüllü sığorta növlərini qeyd edəndə yeni, müştərilərimizin istədiyi məhsul adları eşidəcəksiniz.”
Vətəndaşların sığorta şirkətinə müraciəti zamanı qarşılaşa biləcəkləri bəzi hüquqi prosedurlara isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Əfşan Hüseynbəyli aydınlıq gətirib.
Könüllü həyat sığorta növlərindən hansısa birinə müraciət etdikdən bir müddət sonra şirkət fəaliyyətinə xitam verərsə, sığortalının hüquqları necə qorunar?
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 885.1-ci maddəsində qeyd edilir ki, sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri-həyat sığortası (ümumi sığorta) sahələrinə bölünür. Həyat sığortası sahəsinə aid olan sığorta siniflərinə yalnız şəxsi sığorta daxildir. Şəxsi sığorta dedikdə isə sığortalının və ya sığorta olunanın həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə bağlı əmlak mənafelərinin qorunması başa düşülür. Şəxsi sığorta zamanı həm sığortalı özünü, həm də müqavilədə göstərilən başqa şəxsi sığortalaya bilər.
Bundan əlavə, Azərbaycan Respublikasının “Sığorta Fəaliyyəti haqqında” Qanununun 14-cü maddəsi üzrə həyat sığortası sığorta obyektinə görə şəxsi sığortaya aid olan aşağıdakı sığorta növlərindən ibarətdir:
- sığortalı və ya sığorta olunan öldükdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın ölüm halından sığortası;
- sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın yaşam sığortası;
- sığorta olunanın müəyyən yaşa çatması, yaşı, əlilliyi o cümlədən, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ya xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirməsi, ailə başçısını itirməsi, işsiz qalması və şəxsi gəlirlərinin azalmasına, yaxud itirilməsinə səbəb olan digər hallarda pensiya, yaxud renta şəklində dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan annuitet sığortası;
- sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdiyi halda, onun itirilmiş gəlirinin əvəzini ödəmək məqsədilə vaxtaşırı sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan əmək qabiliyyətinin itirilməsi hallarından sığorta;
- sığorta olunanın səhhətində onun həyatını təhlükə altına qoyan xəstəlik müəyyən edildikdə sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan sağalmaz xəstəliklərdən sığorta.
Azərbaycan Respublikasının “Sığorta haqqında” Qanunun 5-ci maddəsi üzrə sığortaçılar yalnız sığorta fəaliyyəti aparmaq məqsədilə yaradılan və Azərbaycan Respublikasının ərazisində sığorta əməliyyatlarını yerinə yetirmək üçün bu qanunla müəyyənləşdirilmiş qaydada lisenziya alan hüquqi şəxslər hesab edilir. Bu qanundan da göründüyü kimi, sığorta edən müəssisələr yalnız lisenziya əsasında fəliyyət göstərən hüquqi şəxslərdir. “Sığorta haqqında” Qanunun 18-ci maddəsində isə sığorta müqaviləsinin xitamı halları sadalanır. Bu hallardan biri kimi sığorta edən müəssisənin, yəni sığortaçının ləğv edilməsi də qeyd edilib. Yəni sığorta edən müəssisə ləğv edildikdə, fəaliyyətinə xitam verildikdə onunla bağlanmış sığorta müqaviləsinə də xitam verilmiş olur. Lakin bu halda sığorta olunanın hüquqları tam şəkildə qorunur. Belə ki, “Sığorta haqqında” Qanunun 18-ci maddəsinin 3-cü hissəsində qeyd edilir ki, sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta olunanın sığorta haqlarını bütünlüklə geri qaytarır. Burdan da görə bilirik ki, sığortaçı hüquqi şəxs ləğv edildikdə sığortalıya dəyən zərər, onun ödədiyi sığorta haqqının əvəzi geri ödənilir.”
Növbəti maraqlı məqamlardan biri də odur ki, bəs sığorta olunan sığorta müqaviləsini bağladıqdan bir müddət sonra ölkəni tərk edərsə sığorta müqaviləsi qüvvədə qalmağa davam edirmi? Müqavilə şərtlərinə yenə də davam edə bilərmi?
Əfşan Hüseynbəyli bu barədə də ətraflı məlumat verdi:
““Sığorta haqqında” Qanunun 10-cu maddəsi üzrə qeyd edilir ki, Sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. Bu müqaviləyə əsasında sığortaçı sığorta hadisəsi baş verdiyi zaman sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığortaçıya sığorta haqqı ödəməyi öz öhdəsinə götürür.
Sığorta obyektinə görə sığorta münasibətləri şəxsi sığorta, əmlak sığortası və mülki məsuliyyət sığortası olaraq qruplara ayrılır:
- Şəxsi sığorta - fiziki şəxslərin həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə bağlı olan əmlak mənafelərinin sığortasıdır.
- Əmlak sığortası - fiziki və ya hüquqi şəxslərin əmlakının, yaxud sahibkarlıq, bank və başqa kommersiya fəaliyyəti üçün risqlə bağlı əmlak-mənafelərinin sığortasıdır.
- Mülki məsuliyyət sığortası - fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, həmçinin hüquqi şəxsə sığorta olunan tərəfindən vurulan zərərin ödənilməsi ilə bağlı olan əmlak mənafelərinin sığortasıdır (“Sığorta haqqında” Qanunun 13-cü maddəsi.)
“Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda sığorta müqaviləsinin xitamı əsasları arasında sığorta olunanın ölkəni tərk etməsi qeyd edilmir. Ümumiyyətlə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi üzrə də müqavilə tərəflərindən birinin ölkəni tərk etməsi müqavilə münasibətlərinin xitamına səbəb olmur.
Tərəflərin qarşılıqlı razılığı əsasında, sığortaçı sığorta olunan qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə, sığorta olunan sığorta haqqını müqavilədə müəyyən edilən müddətdə ödəmədikdə, sığorta olunan qismində çıxış edən hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə, sığortaçı (sığortaçı yalnız hüquqi şəxs ola biləcəyi üçün burada hüquqi şəxs olaraq müəssisənin ləğvindən söhbət gedir) ləğv edildikdə, məhkəmə tərəfindən sığorta müqaviləsinin etibarsız (qanunvericiliyə zidd) olduğu barədə qərar qəbul edildikdə və digər hallarda sığorta müqaviləsinə xitam verilə bilər (“Sığorta haqqında” Qanunun 18-ci maddəsi.) Lakin əgər tərəflər arasında bağlanan müqavilədə istisna bir qayda nəzərdə tutulmayıbsa, sığortalı olaraq fiziki şəxsin ölkəni tərk etməsi müqavilə münasibətlərinin davam etməsinə əngəl yaratmır. Bu zaman fiziki şəxs öz öhdəliklərini doğru qaydada yerinə yetirərsə, ən əsası sığorta haqqını vaxtında ödəyərsə müqavilə münasibətləri davam edəcəkdir.
Tərəflər arasında bağlanmış müqavilə üzrə, yəni sığortaçı və sığorta olunanın razılığı ilə sığorta olunanın yalnız Azərbaycan ərazisində baş verəcək sığorta hadisəsindən sığorta edilməsi şərti qeyd edilə bilər. Bu zaman sığorta olunanın xarici ölkədə qarşılaşdığı sığorta hadisəsinə (ölkə xaricində olan fiziki şəxsin şəxsi həyatına, sağlamlığına, xaricdə olan əmlakına dəyən zərər və ya fiziki şəxsin özünün xaricdə olan digər əmlaka vurduğu zərərə görə) bu müqavilə münasibətləri şamil edilməyə və baş vermiş sığorta hadisəsinə görə ona sığorta ödənişi ödənilməsi istisna edilə bilər.
Həyat risklərimizin idarə olunmasında əvəzsiz rola malik olan könüllü həyat sığortasına dair bəzi nüanslara aydınlıq gətirilsə də, mövcud prosedurun ölkədə hər kəsə səmərəli formada əlçatan olması üçün hansı məqamlara diqqət ayırmağın vacib olduğunu da unutmaq olmaz. Sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov bu istiqamətdə də atıla biləcək addımlara aydınlıq gətirib :
“Həyat sığortasının əlçatanlığı daha yaxşı olsa vətəndaşlar da daha çox axın edər. Məsələn 2018-ci ilə qədər həyat sığortasında elə bir qayda var idi ki, sosial ödənişlərin cəlbiylə bağlı 250 manata kimi məbləğ sığortaya daxil edilmirdi, ondan yuxarı olan hissəni sığortaya daxil edirdilər. Bu zaman həyat sığortasına daha çox axın olduğu müşahidə olundu . Və buna görə də Vergiler Məcəlləsinə dəyişiklik edildi. Dəyişikliyə əsasən sosial yığımların hansı ki DSMF-yə gedən pullarla, digər məsələlərlə bağlı bu zaman əməkhaqqının yalnız 50 faizinin vergidən azad olunmasıyla bağlı məsələ qaldırıldı. Bu isə onu göstərirdi ki, həyat sığortasına həmişə vətəndaşlar maraq göstərib. Bir növ onların diqqət mərkəzində olub. Yuxarda qeyd etdiyim kimi hazırda həyat sığortasının müəyyən mənada oxşar hissələri pensiyalarla bağlı məsələlərdir. Hesab edirəm ki, pensiyalarla rəqabətdə həyat sığortası daha geniş mənanı ehtiva edir. Sadəcə olaraq illərin daha çox olması, pensiyaların özəl fondlara keçirilməsi həyat sığortasının da inkişafına gətirib çıxarardı. Düşünürəm ki, həyat sığortası pensiyaların bir hissəsi kimi olarsa gələcəkdə vətəndaşlarımızın da oraya axını daha çox olacaq.”
Sonda isə qeyd etmək istərdim ki, həyatda qarşınıza çıxa biləcək bütün problemlərin, çətinliklərin, risklərin həll yolları mütləq formada vardır. Sadəcə olaraq etməli olduğunuz tək şey özünüzlə baş-başa qalaraq həyatınız üçün düzgün qərarı verməkdir. Bütün bunlardan daha öncə isə sağlamlığınızın, bir daha geri qayıda bilməyəcək həyat günlərinizin qayğısına qalmalısınız. Son günlərdə izlədiyim filmlərdən birində oğlu ilə münaqişə yaşayan məhşur psixoloq intihar etməyə cəhd edir. Onu xilas etməyə çalışan şəxsin həmin ataya qarşı səsləndirdiyi fikirlərdən bir hissəsini vurğulamaq istəyirəm :
“Mən bir xəyal taciriyəm, qorxaqlar üçün cəsarət, kimsəsizlər üçün qayğı satıram... – Bəs intihar edənlər üçün? – Onlara isə kiçik, xırda vergül satıram, hekayələrinə davam etməkləri üçün...” (red. filmi izləmək istəyənlər üçün - https://cutt.ly/9UM8JHG )
İnsanlara hekayələrinin davam etməsinə dəstək olmaq üçün onlara tək olmadıqlarını hiss etdirmək, həm özümüzün həm ətrafımızın qayğısına qalaraq onlara intihar həddinə çatmazdan öncə o vergülü hədiyyə etməyin lazım olduğunu düşünərək mən də məqaləmi bu istiqamətdə hazırlayaraq təqdim etdim. Sevdiklərinizi və özünüzü qoruyun! Sağlam qalın!
Könüllü həyat sığorta növlərindən faydalanmaqla bağlı hər hansısa suallarınız yaranarsa peşəkarlara, bu sahənin mütəxəssislərinə müraciət etməkdən çəkinməyin.