Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Bir neçə gündür işlənmiş avtomobil ehtiyat hissələrinin qiyməti artdığı ilə bağlı xəbərlər yayılmaqdadır.
Əsasən satıcıların şikayətləndiyi bu məsələ ilə bağlı Banco.az nəqliyyat eksperti Eldəniz Cəfərli ilə söhbət edib.
Ekspert bildirdi ki, bazarda köhnə avtomobil hissələrinin bahalaşması xəbərləri əsassızdır:
“Köhnə işlənmiş avtomobillərin ehtiyat hissələrinin qiyməti yüksələ bilməz. Çünki qarşıda utilizasiya proqramı var. Bu layihə çərçivəsində köhnə avtomobillərin dövriyyədən çıxarılması layihələri olacaq. Artıq nə köhnə avtomobillərə ehtiyac olacaq, nə də ki, onların köhnə ehtiyat hissələrinə. Belə olan halda qiymətlərin yüksəlməsindən danışmağa dəyməz”.
Ekspert qeyd etdi ki, cari ilin əvvəlindən sonuna qədər, il ərzində işlənmiş ikinci əl ehtiyat hissələrinin qiymətində kəskin artım olmayıb:
“Ümumiyyətlə, bu artım üçün səbəb yaradan hər hansı bir amil də mövcud deyil. Burada söhbət köhnə ehtiyat hissəsindən gedir. Onların qiymətləri kəskin yüksəlməyib. Amma təzə ehtiyat hissələrinin qiyməti il ərzində təxminən 10 faiz civarında artıb”.
Qeyd edək ki, 2023-cü ilin ilk 10 ayı ərzində ehtiyat hissələrinin idxalına 320 milyon dollar xərclənib. Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 80 milyon dollar, yəni 33 faiz çoxdur. Ötən ilin ilk 10 ayında Azərbaycan ehtiyat hissələrinin idxalına 240 milyon dollar xərcləmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!