Köhnə avtomobillərə qoyulan idxal qadağasının iqtisadiyyata təsiri – AÇIQLAMA | Banco.az

Köhnə avtomobillərə qoyulan idxal qadağasının iqtisadiyyata təsiri – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Cari ilin mart ayında  Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb.

Artıq 2024-cü ildən  ölkəyə 2014-cü il istehsalı olan avtomobillərin idxalı məhdudlaşdırılacaq.

Məsələnin iqtisadi tərəfləri ilə bağlı iqtisadçı Xalid Kərimli Banco.az-a açıqlama verib.

O hesab edir ki,  ölkədə avtomobillər bazarında bu qərarın təsiri hiss edilməyə başlanıb:

“ 2023-cü ildə Azərbaycana daha çox yeni avtomobillər gəldiyinə görə idxal olunan avtomobillərin dəyərində  artım müşahidə edildi. Səbəb istehsal ili köhnə olan avtomobillərin gəlişinə qoyulan qadağadır. Ümumiyyətlə, məhdudlaşdırıcı qadağalar bazarda qiymətlərin artmasına səbəb olur. Çünki bazar tələb və təklif fonunda formalaşır. Qadağa səbəb də başa düşüləndir. Ekologiyaya təsirini minimuma endirmək üçün ili köhnə olan avtomobilləri ölkəyə buraxmırlar. Burada təhlükəsizlik və istismar məsələlərinə də diqqət ayrılıb. Əsasən daha çox ekoloji tərəfdən qiymətləndirilən bu qərarın iqtisadiyyata təsiri qaçılmazdır”.

Qərar barədə ayrı-ayrılıqda fikirlərini paylaşan ekspertlər hesab edir ki, bu məhdudiyyətlər ölkədə köhnə avtomobillərin sayını kifayət qədər azaldacaq.

Millət vəkili Vüqar Bayramov  məsələyə münasibət bildirərək vurğulayıb ki,  gömrük güzəştləri yeni avtomobillərə marağın artmasına təkan verə bilər: 

“ Azərbaycana idxal edilən avtomobillərin strukturuna diqqət etsək, görərik ki, əksəriyyəti istehsal ili köhnə olanlardır. Daha köhnə olan avtomobillərin idxalı nisbətən azalıb və qiymət baxımından yeni avtomobillərə də tələbin azalması müşahidə olunurdu. Yeni avtomobillərin alışı daha çox avtomobil şirkətlərinin Azərbaycandakı nümayəndəliklərindən həyata keçirilirdi. Ona görə avtomobil parkının köhnəlməsinin qarşısının alınması üçün bu qərar vacib idi”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 374 milyon 23 min dollar dəyərində 81 206 ədəd avtomobil idxal olunub.Dövlət Gömrük Komitəsindən bildirilib ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.6 dəfə və ya 2057 ədəd avtomobil artaraq 2425 ədəd təşkil edib.

Rəqəmlər göstərir ki, 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 33.6% və ya 20 416 ədəd artıb. 2022-ci ilin müvafiq dövründə Azərbaycana 829 milyon 303 min dollar dəyərində 60 790 ədəd avtomobil idxal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et