KOBİA-nın dəstəyi ilə “EY ilin iş adamı”müsabiqəsinə start verilir | Banco.az

KOBİA-nın dəstəyi ilə “EY ilin iş adamı”müsabiqəsinə start verilir

Azərbaycanda ilk dəfə olaraq “EY ilin iş adamı” müsabiqəsi keçiriləcək. Bu gündən etibarən müsabiqəyə müraciətlərin qəbuluna başlanılır. EY Azərbaycan tərəfindən təsis edilmiş “EY ilin iş adamı” proqram dünyada ən nüfuzlu biznes mükafatlarındandır.

2019-2020-ci illər üzrə “EY ilin iş adamı” proqramı çərçivəsində EY Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq edir.

Bu il “EY ilin iş adamı” proqramının diqqət mərkəzində kiçik və orta sahibkarlar dayanır. Azərbaycanın bütün sektorlarından olan kiçik və orta müəssisələr 15 yanvar 2020-ci il tarixinə qədər müsabiqədə iştirak üçün müraciət edə bilərlər. 2019-2020 proqramının finalçıları və milli müsabiqənin qalibi 11 mart 2020-ci il tarixində elan ediləcəkdir.

“EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru və “EY ilin iş adamı” proqramının rəhbəri İlqar Vəliyev demişdir: “Ölkəmizdə ilk dəfə olaraq “EY ilin iş adamı” proqramını təqdim etməkdən məmnunuq. Bu il biz ölkənin kiçik və orta sahibkarlarını uğurlu biznesin qurulması ilə yanaşı, ətrafındakı icmaların həyatını yaxşılaşdırması üçün dəstəkləməyə və həvəsləndirməyə çalışacağıq. Milli müsabiqənin qalibi Azərbaycanı təmsil etmək üçün 2020-ci ilin iyun ayında Monakoda digər ölkələrin finalçıları ilə mübarizə aparacaq. Bu, istedadlı sahibkarlarımızı qlobal müstəvidə tanıtmaq üçün yaxşı fürsətdir".

Ən sərfəli kredit üçün müraciət et

Dünyanın 60-dan çox ölkəsində həyata keçirilən “EY ilin iş adamı” proqramı sahibkarlıq fəaliyyətini təşviq edir, uğurlu iş adamlarının liderlik xüsusiyyətləri və nailiyyətlərini potensial sahibkarlarla bölüşməsinə vasitəçi olur. Müsabiqəyə bütün sahələrdə Azərbaycanın istənilən regionundan olan sahibkarlar qoşula bilər. Namizədliyini irəli sürəcək şəxslər müsabiqə barədə ətraflı məlumatı bu linkdən əldə edə bilər - https://www.ey.com/az/eoy

Finalçılar və qaliblər nüfuzlu sahibkarlar, dövlət şirkətlərinin top menecerləri, beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək.

“EY ilin iş adamı” proqramı BP və Azərbaycan Beynəlxalq Bankı tərəfindən dəstəklənir.

Ən sərfəli krediti almaq üçün müraciət et