Kimlər güzəştli ipoteka ala bilər? | Banco.az

Kimlər güzəştli ipoteka ala bilər?

İpoteka kreditləri insanların mənzil arzularının reallaşdırması üçün gözəl seçimdir. Lakin, şərtlərin ağırlığı, faizlərin və tələb olunan sənəd siyahısının  çoxluğu bezdirici ola bilər.

Hal-hazırda ipoteka kreditlərinə ən çox ehtiyac duyanlar isə gənc ailələrdir. Bu səbəblə də 2013-cü ildə sərəncamlara və digər qanunvericilik aktlarına uyğun olaraq gənc ailələrin və hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması üçün ipoteka kreditləri üzrə güzəştlərin tətbiqi qaydaları müəyyən edilmişdir. Güzəştli ipoteka kreditləri dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir.

İpoteka kreditlərinə əlavə olunan güzəştlər hamıya şamil olunmur. İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır: 

  •  Gənc ailənin üzvü olan aşağıdakı şəxslər: 
  •  Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
  •  Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
  •  Məcburi köçkün və ya ona bərabər tutulan şəxs; 
  •  Üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs; 
  •  Elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs; 
  •  İdman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər); 
  •  Üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları. 

İpoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər. 

Ən sərfəli kredit üçün müraciət et

İpoteka kreditlərinə verilən güzəştlər yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun (bundan sonra—AİF) tələblərinə uyğun verilən ipoteka kreditlərinə şamil edilir. Belə ki, güzəştli ipoteka kreditinin maksimal məbləği 50 000 manatdan çox ola bilməz və bu kredit 3 ildən 30 ilədək verilir. Güzəştli ipoteka krediti üzrə illik faiz dərəcəsi 4%-dən çox olmamalıdır. 

Güzəştli kredit almaq üçün bir neçə mərhələdən ibarətdir.İlk öncə güzəştli ipoteka krediti almaq istəyən şəxs (Borcalan) müvəkkil kredit təşkilatına müraciət edir və müəyyən olunmuş ümumi qaydada ilkin qiymətləndirmədən keçir. Müvəkkil kredit təşkilatına müraciət etmiş Borcalan güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənədləri təqdim etməlidir. Daha sonra müvəkkil kredit təşkilatı AİF-in qayda və tələblərinə uyğun olaraq müraciətə baxır. Müvəkkil kredit təşkilatı güzəştli şərtlərlə ipoteka kreditinin verilməsi haqqında qərar qəbul etdiyi təqdirdə, qanunvericiliyə uyğun qaydada güzəştli ipoteka kreditini verir və yenidən maliyyələşdirmə üçün AİF-ə müraciət edir. 

Rəsmi statistikaya əsasən deyə bilərik ki, güzəştli kreditlərin verilməsi illər üzrə artmaqdadır. 2014-cü ilin birinci rübündə kreditin verilmə sayı 2800-ə yaxınlaşıb. Bu isə ötən illərlə müqayisədə 3-4 dəfə çoxdur. 

İpoteka zamanı sənədləşmə ilə bağlı buradan məlumat ala bilərsiniz.

Ev arzusunda olanlara Tezliklə arzularının reallaşmasını diləyirik. Bu ipoteka yolu ilə olsa belə...

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et