Kiçik dövlət müəssisələrinin satışı elektronlaşdırılıb | Banco.az

Kiçik dövlət müəssisələrinin satışı elektronlaşdırılıb

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, "Kiçik dövlət müəssisələrinin (obyektlərinin) hərraclarda satışı" xidməti Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada kiçik dövlət müəssisələrinin (obyektlərinin) nizamnamə kapitalının (ilkin satış qiymətinin) 85 faizinin üzərində mülkiyyət hüquqlarının əldə olunması ilə bağlı hərracların keçirilməsini əhatə edir. Özəlləşdirmə haqqında məlumat hərrac gününə ən azı 30 gün qalmış Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytı (emdk.gov.az), "Özəlləşdirmə" portalı (privatization.az) və komitənin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qәzetindә dərc edilir. Hərraca çıxarılan kiçik dövlət müəssisələri üzrə iştirak üçün müraciət və sifariş həm xidmət yerinə gəlməklə, həm də elektron formada həyata keçirilir. Hüquqi və fiziki şəxslər seçdikləri dövlət əmlakı üzrə sifarişçi statusu almaq üçün hәrracın başlanmasına ən geci üç bank günü qalanadək özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faizi həcmində behi ödəməli və zəruri sənədləri təqdim etməlidir.

Ən sərfəli kredit üçün müraciət et

"Kiçik dövlət müəssisələrinin (obyektlərinin) hərraclarda satışı" xidmətindən istifadə üçün tələb olunan sənədlərə özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faizi həcmində behin ödənilməsi haqqında sənəd, sifariş bildirişi, fiziki və ya hüquqi şəxslərin iştirakı ilə bağlı digər sənədlər aiddir. Qeyd edək ki, hərraclarda iştirak üçün sifarişlər Əmlak Xidmətləri Məkanı və Hərracların Təşkili üzrə Auksion Mərkəzində də qəbul edilir.

Qeydiyyatdan keçmiş şəxslər hərraclarda həm məkana gəlməklə, həm də elektron formada iştirak edərək əmlak sahibi ola bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et