Kasko sığortasında yığımlar 16,0%, ödənişlər 9,4% azalıb | Banco.az

Kasko sığortasında yığımlar 16,0%, ödənişlər 9,4% azalıb

Bu ilin yanvar-avqust aylarında sığorta növləri arasında ən ciddi artım su nəqliyyatı vasitələrinin sığortasında qeydə alınıb. Bu növ sığortadan toplanan sığorta haqqı 7 dəfə artaraq 2,2 mln. manat təşkil edib.

Azərbaycan Sığortaçılar Assosiasiyasından verilən məlumata görə, peşə məsuliyyətinin sığortasında yığım 5,5 dəfə artaraq 750 min manat, kreditlərin sığortasında isə 3,4 dəfə artaraq 560 min manat olub.

Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 28,8% artaraq 46,5 mln. manat, sağalmaz xəstəliklərdən sığortada 56,4% artaraq 436 min manat, tibbi sığortada 0,5% artaraq 50,1 mln. manat, səfər sığortasında 7,2% artaraq 1,5 mln. manat, əmlakın yanğından və digər risklərdən sığortasında 0,1% artaraq 20,7 mln. manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında 28,3% artaraq 827 min manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 14,2% artaraq 25,5 mln. manat, daşınmaz əmlakın icbari sığortasında 75,8% artaraq 20,5 mln. manat, avtomobillərin icbari sığortasında isə 16,1% artaraq 52,7 mln. manat təşkil edib.

8 ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə titul və ipoteka sığortalarında qeydə alınıb. Hər iki növ sığortadan daxilolmaların məbləği 100% azalıb. Bundan başqa, yük daşıyanın mülki məsuliyyətinin sığortasında yığım 62,5% azalaraq 1,2 min manata düşüb.

Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 22,7% azalaraq 8,5 mln. manat, fərdi qəza və xəstəlik sığortasında 18,8% azalaraq 6,1 mln. manat, avtomobillərin könüllü sığortasında 16% azalaraq 20,5 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 3,2% azalaraq 266 min manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 2,4% azalaraq 83 min manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin yanvar-avqust aylarında sığorta ödənişlərinin ən ciddi artımı isə kreditlərin sığortasında qeydə alınıb. Bu növ sığortada ödənişlər 35,1 dəfə artaraq 121 min manat təşkil edib. Bundan başqa, kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında yığım 2,7 dəfə artaraq 61 min manat, həyatın ölüm halından sığortasında isə 2,4 dəfə artaraq 1,6 mln. manat olub.

Sığorta ödənişlərinin məbləği həyatın yaşam sığortasında 65,7% artaraq 29,6 mln. manat, sağalmaz xəstəliklərdən sığortada 9,6% artaraq 13,7 min manat, tibbi sığortada 6,2% artaraq 33,2 mln. manat, avtomobillərin icbari sığortasında isə 12,7% artaraq 21,3 mln. manat təşkil edib.

8 ay ərzində sığorta ödənişlərinin ən çox azalması isə hava və su nəqliyyat vasitələrinin sığortasında, işçilərin dələduzluğu sığortasında və yanğından icbari sığortada qeydə alınıb. Bu növ sığortalar üzrə ödəniş 100% azalıb. Bundan başqa, peşə məsuliyyətinin sığortası üzrə ödəniş 89% azalaraq 1,5 min manat, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında ödəniş 83,9% azalaraq 2 min manat olub.

Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında 12,8% azalaraq 762 min manat, səfər sığortasında 15,4% azalaraq 126 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 21,4% azalaraq 4,7 mln. manat, kasko sığortasında 9,4% azalaraq 16,3 mln. manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 69,6% azalaraq 125 min manat olub, istehsalatda bədbəxt hadisələrdən sığortada 16,1% artaraq 1,6 mln. manat, daşınmaz əmlakın icbari sığortasında isə 47% azalaraq 740 min manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında isə 75,4% azalaraq 897 min manat təşkil edib.