Kasko sığortasında yığım 7%, ödəniş isə 4% azalıb | Banco.az

Kasko sığortasında yığım 7%, ödəniş isə 4% azalıb

2015-ci ilin yanvar-aprel aylarında sığorta növləri arasında ən ciddi artım kreditlərin sığortasında qeydə alınıb. Banco.az portalının Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi məlumata görə, bu növ sığortadan toplanan sığorta haqqı 28,6 dəfə artaraq 306,7 min manat təşkil edib. Bundan başqa, sağalmaz xəstəliklərdən sığortada yığım 7,3 dəfə artaraq 137,2 min manat, peşə məsuliyyətinin sığortasında isə yığımlar 6,9 dəfə artaraq 516,3 min manat olub.

Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 9,3% artaraq 5,4 milyon manat, fərdi qəza və xəstəlik sığortasında 26,9% artaraq 4,1 milyon manat, səfər sığortasında 52,3% artaraq 768,2 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 1,7% dəfə artaraq 8,9 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 14% artaraq 14,9 milyon manat, daşınmaz əmlakın icbari sığortasında 2,4 dəfə artaraq 11,1 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 12% artaraq 181,6 min manat, avtomobillərin icbari sığortasında isə 21,5% artaraq 22,6 milyon manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 26,6% artaraq 72,1 min manat təşkil edib.

4 ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında qeydə alınıb. Bu növ sığortadan toplanan sığorta haqqı 31,5% azalaraq 203,7 min manata düşüb. Bundan başqa, auditorların peşə məsuliyyətinin icbari sığortasında yığım 30,2% azalaraq 2723 manat, işçilərin dələduzluğu sığortasında yığım 13,4% azalaraq 226,9 min manat olub.

Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 5,9% azalaraq 21,5 milyon manat,  tibbi sığortada 2% azalaraq 37,5 milyon manat, avtomobillərin könüllü sığortasında 7,1% azalaraq 10,6 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 7,1% azalaraq 363,3 min manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin yanvar-aprel aylarında sığorta ödənişlərinin ən ciddi artımı isə həyatın yaşam sığortasında qeydə alınıb. Bu növ sığortada ödənişlər 11,5 dəfə artaraq 16,3 milyon manat təşkil edib. Bundan başqa, həyatın ölüm halından sığortasında ödəniş 3,5 dəfə artaraq 942,2 min manat, kənd təsərrüfatı heyvanlarının sığortasında isə 2,8 dəfə artaraq 159,6 min manat olub.

Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında 1% artaraq 378 min manat, tibbi sığortada 14,7% artaraq 16,9 milyon manat, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortada 14,1% artaraq 811,7 min manat, avtomobillərin icbari sığortasında isə 19,2% artaraq 10,4 milyon manat təşkil edib.

4 ay ərzində sığorta ödənişlərinin ən çox azalması əmlakın yanğından və digər risklərdən sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə ödəniş 85,7% azalaraq 771,5 min manat təşkil edib. Bundan başqa, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında ödəniş 80,9% azalaraq 2 min manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 78,9% azalaraq 62,3 min manat olub.

Sığorta ödənişlərinin məbləği səfər sığortasında 19,6% azalaraq 68,4 min manat, kasko sığortasında 4% azalaraq 8,4 milyon manat, daşınmaz əmlakın icbari sığortasında isə 51,5% azalaraq 320,1 min manat olub.