Kasko sığortası seçənlərə Top-10 məsləhət | Banco.az

Kasko sığortası seçənlərə Top-10 məsləhət

KASKO sığortası çox qəliz bir məsələdir, amma qəliz olduğu qədər də vacibdir. Belə ki, icbari sığortada baza tarifləri var və onun şərtlərinə riayət edilməsinə görə dövlət özü məsuliyyət daşıyırsa, Kasko-da vəziyyət fərqlidir. Bu sığortada seçim parametrləri müxtəlifdir və ona görə də sığorta şirkətinin seçimi daha çətin olur. Ona görə də sizə öz məsləhətlərimizi təqdim edirik. Necə deyərlər, məsləhətli don gen olmaz: 

10. Sığorta kompaniyalarının reytinqini araşdırın.

İndi internetdə belə reytinqlərin sayı heç də az deyil. Onlar ən müxtəlif parametrlər əsasında tərtib olunur. Sığorta haqlarının miqdarı, sığorta ödənişlərinin həcmi, sığorta ödənişlərinin sığorta yığımlarına olan nisbəti, ən sərfəli sığorta paketi və s. Bu cür reytinqləri maliyyə sahəsi üzrə ixtisaslaşmış saytlarda tapmaq olur. Bir neçə komponenti birləşdirib, kompleks reytinq tərtib edənlər də vardır.

9. Heç zaman reytinqlərə inanmayın!

Yəni heç zaman heç nəyə tam güvənməyin. Çünki bu reytinqləri dünyadakı ən ülvi həqiqət hesab etmək olmaz. Reytinqləri araşdırmağın və məhsullları müqayisə etməyin təbii ki, böyük əhəmiyyəti var. Bəzən onlar obyektiv tərtib edilir, bəzən isə konkret şirkətlərin marağına xidmət edir. Ona görə də diqqətli və tədbirli olun.

8. Sığortalananların əks reaksiyasını, rəylərini oxuyun (feedback). 

Bu zaman xeyli əmək sərf etmək lazım gəlir. Öncədən seçilmiş hər bir sığorta şirkəti haqqında mümkün qədər çox məlumat toplamaq tələb olunur. Müştərilərin verdikləri rəylərdə emosiyaları çıxaraq, hadisələri faktlara əsasən qiymətləndirməyə çalışın. Hazırda sosial şəbəkələr vasitəsi ilə insanlar öz təcrübəsini çox asan paylaşır. Sığorta şirkətlərinin səhifələrini, sığorta haqqında yazıların sonunda müştəri rəylərini oxumağı unutmayın. Həmçinin konkret sizin başınıza gələ biləcək hadisələr ilə bağlı rəylərə daha çox önəm verin.

7. Heç zaman rəylərə güvənməyin.

Yəni o mənada inanmayın ki, heç də bütün sığortaçılar yalançı və pis deyillər. Bu zaman iki faktoru nəzərə almaq lazımdır. Birincisi, insanların əksəriyyəti, əsasən, onları kədərləndirən, üzən və məyus edən hadisələr haqqında yazmağı xoşlayır. Başına gələn pis hadisənin sonunda şirkətin kompensasiyası ilə vəziyyətin yüngülləşməsini çətin ki, kimsə dilə gətirə. Çünki insan övladı sadəcə bu cür gəlib dünyaya. Amma buna rəğmən tənqidi rəylərə də kifayət qədər diqqətlə yanaşmaq lazımdır. İkinci faktor – coğrafidir. Düzdür, sığorta şirkəti bütünlüklə də yaxşı olmaya bilər. Amma çox zaman çox şey ayrılıqda konkret filialdan və ya şöbədən, oradakı kollektivdən və tətbiq edilən qaydalardan asılı olur. Konkret sizi maraqlandıran şöbə və ya departament üzrə bilgilər axtarın. 

6. Həmin bölmə və sığorta şirkəti haqqında tanışlardan məlumat alın.

Ən sərfəli kredit üçün müraciət et

Bu demək olar ki, yuxarıdakı punktun bir hissəsidir. Yaxın insanlardan, dost və tanışlardan soruşun ki, onlar harada KASKO sığortası etdirib. Onları sığortaçıda qane edən və ya etməyən nələr olub. Bu, reallığa daha yaxındır.

5. Heç zaman tanışlara inanmayın.

Ola bilsin ki, onlar sığorta polisini konkret qiymət faktoruna əsasən seçib. Sizin üçün isə əsas qiymət deyil, başqa amillərdir.

4. Sığorta polisinin məzmununu diqqətlə oxuyun.

Daha dəqiq desək, sığorta polisində göstərilən riskləri, franşizanın növlərini və həcmini oxuyub analiz edin, həmçinin hansı hallarda kompensasiyanın ödənilmədiyini də araşdırın. Əks halda, sığorta kalkulyatorunun sizə göstərdiyi rəqəmlər nə qədər cəlbedici olsa da, sığorta hadisəsi baş verdikcə sizə təzminat ödəyən olmayacaq, ya da ödənişlərin miqdarı qəpik-quruş olacaq.

3. Heç zaman polislərin məzmununa inanmayın.

Yenə də, demirik ki, tamam inanmayın, sadəcə buna çox aludə olmayın. Kasko sığorta polisindən əlavə, hər bir sığorta şirkətinin özünün sığorta ilə bağlı qaydaları və sığorta proqramı vardır. Onların şərtləri isə sığorta polisində əks olunan maddələrdən daha sərt ola bilər. Polislərdə həmişə həmin sənədlərə müəyyən istinadlar ola bilər. Amma onları demək olar ki, heç kəs oxumur və çox da əbəs yerə.   

2. Onlayn kalkulyatorlardan istifadə edin.

Kasko kalkulyatoru – çox rahat alətdir. Ondan istifadə etmək çox asandır. İnternetdə onların sayı da çoxdur. Universal kalkulyatorlar var ki, sizə eyni zamanda bir neçə sığorta şirkətinin məhsulları ilə bağlı nəticələr çıxara bilər.   

1. Heç zaman onlayn kalkulyatorlara tam güvənməyin.

Hətta sığorta şirkətlərinin özləri belə, bəzən saytlarında yazırlar ki, Kasko kalkulyatoru tərəfindən təqdim olunan nəticə təxminidir. Amma realda isə fərq azacıq da olsa mümkündür.

Belə alındı ki, reytinqimizin tək rəqəmlərində yazılmış punktlar cüt rəqəmləri təkzib edir. Bu onu göstərir ki, cüt rəqəmlərdə yazılmış punktların köməkliyi ilə siz düzgün seçim edəcəksiniz, tək sayda yazılmış punktlar isə sizə bu araşdırmanız zamanı daha diqqətli, ayıq-sayıq olmağı xatırladacaq. Çünki hər bir hal digərindən fərqlənir.

Könül Soltanova, Banco.az.  

Ən sərfəli krediti almaq üçün müraciət et