Kasko sığortada dəyişiklik - YENİ QAYDALAR | Banco.az

Kasko sığortada dəyişiklik - YENİ QAYDALAR

Azərbaycanda avtomobillərin könüllü sığortalanması ilə bağlı mühüm yeniliklərə start verilib. Məlumata görə, Maliyyə Nazirliyinin kollegiyası "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları"nı təsdiqləyib.

Yeni qaydalarda avtomobillərin könüllü (kasko) sığortası ilə bağlı maraqlı yeniliklər nəzərdə tutulur. Bu dəyişikliklər müştərilərlə sığorta şirkətləri arasında mübahisələri azaltmalı,  sığorta ödənişlərinin verilməsi prosesini sürətləndirməli və bu sahədəki əngəlləri aradan qaldırmalıdır.

Sığorta şirkətlərinin "taksi" bəhanəsi kəsildi

Qaydalardakı maraqlı yeniliklərdən biri odur ki, bundan sonra sığorta şirkətləri avtomobili taksi kimi istifadə edən sürücülərə sığorta ödənişi verməkdən imtina edə bilməyəcəklər. Söhbət sığortalanan avtomobillərin sonradan başqa məqsədlərlə, məsələn, taksi kimi istifadəsindən gedir. Hazırda qüvvədə olan qaydalara görə, avtomobil sığortalananda onun sahibi maşının hansı məqsədlə istifadə olunacağını sığorta ərizəsində göstərməlidir. Qəza baş verən zaman aşkar edilsə ki, avtomobil ərizədə göstərilən məqsədlə istifadə edilməyib, sığorta şirkəti ödənişdən imtina edə bilər. Başqa sözlə, əgər avtomobil sığortalananda ərizədə onun taksi kimi istifadə olunacağı göstərilməyibsə, amma sonradan məlum olsa ki, o taksi məqsədləri ilə istifadə edilib, ona sığorta ödənişi verilmirdi.

Yeni qaydalarda isə bu tələb götürülüb. İndi ödənişdən yalnız o zaman imtina edilə bilər ki, avtomobil təyinatı üzrə istifadə edilməsin. Minik avtomobilində sərnişinin daşınması isə həmişə təyinat üzrə olduğundan artıq maşının taksi kimi  istifadə olunması ödənişdən imtina üçün əsas sayılmayacaq.
Qeyd edək ki, avtomobillərin taksi məqsədilə istifadə olunması sığorta şirkətləri ilə müştərilər arasında ən çox mübahisəyə səbəb olan amillərdən biridir.

Ödənişi gecikdirən şirkət dəbbə pulu ödəyəcək

Qaydalarda nəzərdə tutulan digər yenilik, sığorta ödənişini  vaxtında ödəməyən şirkətin dəbbə pulu ödəməsidir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə Sığorta qaydaları”na əsasən sığorta şirkətləri sığorta ödənişini 7 iş günü ərzində ödəməlidirlər. Şirkət sığorta ödənişini bu müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilərə yaddaş vərəqi veriləcək

Yeni qaydalara görə, sığorta şirkətləri sığorta müqaviləsi bağlayarkən müştəriyə yaddaş vərəqi də verməlidir. Yaddaş vərəqi hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilməlidir. Burada sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyin lazım olduğunu və  sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən məlumatlar göstərilir.

Şirkətin hesabatlarına baxmaq hüququ

Bundan başqa qaydalarda qeyd olunur ki, sığorta müqaviləsi bağlanarkən sığortalı sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq hüququna malikdir.

Avtomobilin harada təmir ediləcəyi əvvəlcədən bilinəcək

Yeni qaydaların qəbulu ilə Azərbaycanda sığorta şirkətləri ilə avtomobil sahibi arasında avtomobilin təmiri ilə bağlı mübahisələrə son qoyulacaq. Belə ki, avtomobilin əzildiyi halda onun harada təmir ediləcəyi hələ müqavilə bağlananda müəyyən ediləcək.

Qaydalara əsasən, avtonəqliyyat vasitələrinin və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə zərər dəyən avtomobilin təmir edilməsi üçün təmir emalatxanasını (servis mərkəzi və s.) təyin etməklə bağlı seçim hüququnun sığortaçıya və ya sığorta olunana aid edilməsi sığorta müqaviləsində müəyyən ediləcək.

Qeyd edək ki, indiyə qədər Azərbaycanda təmir emalatxanasının seçilməsi ilə bağlı sığorta şirkətləri və avtomobil sahibləri arasında ciddi mübahisələr yaşanırdı.

Fins.az