İntrovert xüsusiyyətlərinizdən istifadə etməyin 4 asan yolu | Banco.az

İntrovert xüsusiyyətlərinizdən istifadə etməyin 4 asan yolu

Melodi Uayldinq insanlara karyeralarını inamla irəlilətməyə, habelə iş və şəxsi həyat arasında davamlı bir tarazlıq yaratmağa kömək edən icraçı kouçdur. Sadə dildə desək, introvert olmaq sosial stimullaşdırmaya daha həssas olmaq deməkdir. İntrovertlər özünü bütünlüklə işə verə bilir. Bu tip insanlar içəqapanıqlıqlarından istifadə edərək peşəkar mühitdə uğur qazana bilər.

Aşağıdakı variantlardan hansı xəyalınızdakı iş kimi səslənir?

· Bütün gün beyin fırtınası və açıq bir ofisdə həmkarlarla müzakirələr etmək?

· Günü görüşlərsiz, iclassız keçirmək və vaxtın böyük hissəsini fikrinizi yaradıcı bir layihəyə cəmləməyə həsr etmək?

Seçiminiz ikinci variantdırsa, böyük ehtimalla introvertsiniz. Bir çox introvert dərin düşüncə və özünü bütünlüklə işə həsr etməyi yüksək qiymətləndirirlər. Ən başlıcası, onlar işlərini ən yaxşı şəkildə edə bilmək üçün istirahət və enerjilərini bərpa etmə dövrlərinə ehtiyac duyurlar.

Təəccüblü deyil ki, introvertlər öz xüsusiyyətlərini karyera üçün maneə hesab edirlər, xüsusən də ekstravertlərin böyük rəğbət gördüyü müasir mədəniyyət çərçivəsində. Tarixin ən uğurlu introvertləri arasında Uorren Baffett, Mark Zükerberq, Bill Qeyts, Marissa Mayer və Maykl Cordanın da olduğunu nəzərə alsaq, bədbinliyə qapılmağınıza lüzum yoxdur.

Nə etməlisiniz?

Güclü tərəflərinizdən yararlanın.

Emosional intellektiniz, empatiya duyğunuz, ünsiyyət bacarığınız sizi komandanın loyal və qiymətli oyunçusuna çevirir. Qrup işi sizin ürəyinizcə olmasa belə. Bundan əlavə, maraq dairənizin genişliyi sizi lider olaraq mükəmməl bir mövqeyə gətirir, ona görə də bu yaradıcılığı reallaşdırmaq üçün imkanlar axtarın. İnsanları fərqli fikirləşməyə vadar edən düşündürücü suallar verən biri olun. Tezliklə novator sayılacaqsınız.

İntrovertlər hətta əla satıcı ola bilərlər. Belə ki, onlar müştərilərin ehtiyaclarını dinləmək və anlamaq, empatiya qurmaq cəhətdən seçilirlər. Ancaq çoxlu səfərlər, həddindən artıq səs-küy və ya fikri yayındıran mühit ehtiva edən peşələrdən uzaq durmalısınız. Bu cür iş xarakteriniz üçün ən yaxşı seçim olmaya bilər.

Həmçinin oxuMünasibətləri korlamadan işdən ayrılmağın 7 QAYDASI

Enerjinizi idarə etməyə fokuslanın, zamanı deyil.

İş sonsuz, enerjiniz isə məhduddur. İntrovertin yüksək effektivliyinin sirri daxili enerji axınlarını ən optimal şəkildə tənzimləməkdir.

Bir həftə ərzində gündəlik fəaliyyətinizə nəzarət edin. Gün ərzində gördüyünüz işlərin hansının sizi nə qədər enerji ilə təmin etdiyini qiymətləndirin. Gün ərzində qanunauyğunluğu müəyyən edin ki, məhz nə vaxt özünüzü maksimum konsentrasiya olmuş hiss edirsiniz. Sizin daxili enerjinizi tükəndirən tapşırıqları məhdudlaşdırın və ya ümumiyyətlə, aradan qaldırın. Gümrah qalmağınıza kömək edən işlərlə məşğul olun.

Ən sərfəli kredit üçün müraciət et

Səhərlər fikrinizi daha yaxşı cəmlədiyinizi düşünürsünüzsə, elektron poçtunuzu açmazdan əvvəl konsentrasiya tələb edən yazı və ya yaradıcılıq tələb edən bir işlə günə başlayın.

Melodi Uayldinq introvert müştərilərinə istirahət etmək və zəruri hallarda enerji ehtiyatını bərpa etmək üçün görüşlər arasında 15 dəqiqəlik bir interval buraxmağı tövsiyə edir. Şəxsi qulluğu gündəlik işinizin bir hissəsinə çevirməyi unutmayın. İntrovertlər üçün bu, uğurlarının vacib tərkib hissəsidir. Uzunmüddətli perspektivdə karyeranızda nə istədiyinizi dərk etmək üçün özünüzə kifayət qədər vaxt ayırın.

Uğura çatmaq üçün düzgün şərtlər yaradın.

İntrovertlər özlərini əhatə edən mühitə qarşı daha həssasdırlar. Çalışdığınız yerin rahatlıq və harmoniyanızı təmin etməsinə fikir verin. Təbii işıqlandırma və səs-küyü aradan qaldıran qulaqlıqların istifadəsi kimi kiçik dəyişikliklər əhval-ruhiyyənizi əhəmiyyətli dərəcədə dəyişə bilər.

Şəxsi rəyinizi, fikirlərinizi bildirin.

İntrovertlərin öz başlarının içində yaşamaq kimi pis vərdişləri var. Bu zəngin daxili aləm çox gözəl bir şeydir, amma təəssüf ki, insanlar fikirlərinizi oxuya bilmir. Ona görə də düşüncələrinizi başqaları ilə bölüşməyiniz çox vacibdir. Geri əlaqə hazırlamaq və ya hesabat yazmaq üçün əlavə vaxta ehtiyacınız varsa, bunu yüksək səslə söyləyin, istək və tələblərinizi bildirin.

İntrovertlər sürprizlə qarşılaşdıqda və ya çaşqın vəziyyətə düşdükdə situasiyaya uyğunlaşa bilmirlər. Çətin vəziyyətə qayıtmazdan əvvəl konsentrasiyanı bərpa etmək üçün dərindən nəfəs alıb vermək kimi təcrübələrdən istifadə edin.

Həmçinin oxu: Aqressiv əməkdaşla yola getmək üçün – 5 MƏSLƏHƏT

Mümkünsə, sizə qorxuducu gələn görüşlərə əvvəlcədən hazırlaşmağa çalışın. Fikirlərinizi toplamaq və suallarınızı əvvəlcədən hazırlamaq imkanı əldə etmək üçün bir gün əvvəlcədən xəbərdar edilməyi xahiş edin.

Üslubunuza uyğun bir şəkildə ünsiyyətcil olun. İntrovertlərin asosial və ya utancaq olması iddiası mifdir. Onlar sadəcə münasibətləri fərqli qurmağa üstünlük verirlər. Başqa insanlarla təkbətək ünsiyyət qurun. Bir həmkarınızı nahar yeməyinə dəvət edin və ya konfransda bir yeni şəxslə ünsiyyətə diqqət yetirin. Şəbəkəyə gəldikdə isə əlaqələrin kəmiyyətinə deyil, keyfiyyətinə diqqət yetirin.

Tədqiqatlara əsasən, introvertlər bu gün ABŞ əhalisinin yarıdan çoxunu təşkil edir. Coan Roulinqdən David Lettermana qədər dünyanın ən uğurlu insanlarından bir çoxu tək olmağı sevir.

Həssaslığınızdan super gücünüz kimi istifadə edərək işgüzar sferada uğur qazanmağınız öz əlinizdədir.

Nigar Umaxanlı, Finco.az