Karyerada uğur qazanmağın 11 qaydası | Banco.az

Karyerada uğur qazanmağın 11 qaydası

CV-nin hazırlanması və müsahibə prosesini uğurla başa vurduqdan sonra ən önəmli məsələlərdən biri də iş prosesində uğurlu bir karyera yolu seçə bilməkdir. İşə qəbul olduqdan sonra real iş prosesində hansı məqamlara diqqət etmək lazımdır? Bu yazımda bu məqamlara toxunmuşam. Bunları işinizdə rəhbər tutaraq karyeranızda irəli gedə və hədəflərinizə çata bilərsiniz.

İşə gecikməyin. Təbii ki,  gözlənilməz hadisələr hər birimizin başına gələ bilər. Amma ümumi olaraq işinizə daim vaxtından öncə gəlməyə çalışın və bunu daimi vərdiş halına gətirin. İş vaxtından öncə işə gələrək iş gününə hazırlaşa və iş vaxtı öz işinizin başında ola bilərsiniz. İşinizə bu qədər məsuliyyətli yanaşmağınız gec-tez sizə öz müsbət təsirini göstərəcək və bu hərəkətiniz rəhbərləriniz tərəfindən qiymətləndiriləcək. 

Diqqətinizi tam işinizə yönəldin.  İş vaxtı sizi işdən yayındıra biləcək şəxslər və davranışlardan uzaq olmağa çalışın.  Sosial şəbəkələr və şəxsi telefon danışıqlarına az zaman ayırın. Ancaq zəruri hallarda bunlardan istifadə etməyə çalışın. Diqqətinizi işdən yayındıra biləcək bir çox belə davranışlarınızı nəzarət altında saxlaya bilsəniz öhdəliyinizdə olan bütün işlərin öhdəsindən məharətlə gələcək və sizin əlavə işlər görməyə kifayət qədər zamanınız qalacaq.

Tapşırıqları vaxtından tez icra edin. Sizin öhdəliyinizdə olmayan ancaq sizə həvalə edilmiş tapşırıqları "deadline" vaxtından tez icra edib təhvil verməyə çalışın.  Amma tapşırıqları tez yerinə yetirmə istəyiniz, eyni zamanda bu tapşırıqları səhvsiz etməyinizlə bərabər olsun. 

Üzərinizə əlavə “yük” götürün. Həqiqi iş prosesində daim hansısa işlər çatdırılmamış qalır və onların həll edilməsi üçün təşəbbüskar insanlara ehtiyac duyulur. Öz öhdəliyinizdə olmayan əlavə işləri öhdəliyinə götürməyiniz sizi inkişaf etdirəcək və eyni zamanda iş yoldaşlarınız və rəhbərləriniz tərəfindən sizin daha dərindən tanınmanıza və uğurlarınız qəbul edilməsinə şərait yaradacaq. Amma təbii ki ilk növbədə etməli olduğunuz sizin öhdəliyinizdə olan işlərdir.

Təşəbbüskar olun. İşinizdə sözün yaxşı mənasında daim nələrisə dəyişməyə cəhd göstərin. Elm və texnologiyanın imkanlarından istifadə edərək iş yerinizdə iş prosesinin təkmilləşdirilməsi və rahat hala gətirilməsi üçün addımlar atın.  Əmin olun ki, iş yerinizdə sizin adınızla hallanan nələrinsə olması sizi çox xoşbəxt edəcək. 

Ən sərfəli kredit üçün müraciət et

Konfliktlərdən uzaq olmağa çalışın. Təbii haldır ki, real iş prosesində insanlar arasında xoşa gəlməz hallar baş verir. Amma hər bir halda siz belə konfliktlərin tərəfi olmamağa çalışın. Daim neytral olmağa və sakitləşdirici tərəf olmağa çalışın. 

Sizə qarşı ədalətsiz ola bilərlər, səbri olun. Bir çox hallarda sizə qarşı bilərəkdən və ya fərqinə varmadan ədalətsizliklər edilmiş ola bilər. Belə situasiyalarda davranışlarınız emosional deyil, professional olsun. Hər hansı emosional bir davranış sizin uzun müddətdir əziyyətlə qazandığınız müsbət reputasiyanızı kölgə altına sala bilər. Ona görə də daim profesional hərəkətlər nümayiş etdirməyə çalışın. Əmin olun ki, bu, sizi daha uğurlu insan halına gətirəcək. 

Məzuniyyət və icazələr mövzusunda diqqətli olun. Tez-tez icazə almaq yaxşı qarşılan hal deyil. Maksimum dərəcədə az icazə almağa və məzuniyyət vaxtlarınızı öncədən planlaşdıraraq  rəhbərinizlə məsləhət etməyə çalışın.  Bu, iş yükünün idarə edilməsi baxımından vacibdir.

İxtisas sahənizin nəzəri və praktiki cəhətlərini peşəkar bilin. Öz vəzifə öhdəliklərinizdən əlavə olaraq peşənizin praktiki və nəzəri tərəflərini dərindən bilməyiniz digərlərinə nisbətən sizin uğur qazanma şansınızı artıracaq.

Aktiv və komanda ruhlu olun. Həyatın digər sahələrində olduğu kimi iş həyatında da müəyyən komplekslərə qapılmaq əvəzinə sosial fəaliyyətlərdə aktiv olmaq sizin fərdi inkisafınıza müsbət yöndən təsir edəcək  və karyera hədəfləri istiqamətində işinizi asanlaşdıracaq. 

İşgüzar görünüş, peşəkar davranış və səlis nitqə sahib olmağa çalışın. Peşəkar xarici görünüş və bunu tamamlayan davranış modeli işə adı yanaşan və heç bir hədəfi olmayan insanla sizi ciddi dərəcədə fərqləndirəcək və haqsız rəqabətin önünə keçəcək. Eyni zamanda nitiqinizi səlişləşdirməyə çalışın. Bu, sizə təşkilatı müəyyən proqram və tədbirlərdə təmsil etmə fürsəti qazandıra bilər.

Nüsrət XƏLİLOV, banco.az