Kart üzrə güzəşt müddətini necə hesablamalı | Banco.az

Kart üzrə güzəşt müddətini necə hesablamalı

Güzəşt müddəti (bəzən də grace period adlanır) sizə kreditdən pulsuz istifadə etmək imkanı verir. “Grace periode” bir qayda olaraq, əksər hallarda nağdsız ödənişlərə aid edilir. Yəni siz alış-verişi kartla edir, xidmət haqqıları kartla ödəyirsiniz. Bu, ölkə xaricində, intenetlə edilmiş ödənişlər, həmçinin ölkə daxilində həyata keçirilmiş kommunal ödənişlər ola bilər. Bankdan asılı olaraq, nağd çıxarılışlara da grace period şamil edilə bilər.

Aydındır ki, əgər belə bir xidmət varsa, o həm banklara, həm də müştərilərə faydalı olmalıdır. Banklar bu zaman ümid edir ki, siz pulu göstərilən müddətə deyil, daha sonra ödəyəcəksiniz. Bu zaman faizlər borclanmanın yarandığı ilk gündən etibarən hesablanacaq. Minimal aylıq ödənişləri etmədikdə isə cərimələr də tətbiq olunur. Lakin siz savadlı şəkildə kartdan istifadə etsəniz, heç bir faiz xərci olmadan bankın pulundan istifadə edə biləcəksiniz.

Xatırlayıram ki, müəllimlərimdən biri plastik kartlarla bağlı dərslərimizdə Unibankın “AL kartından” çox rahat faizsiz şəkildə istifadə etdiyini söyləyirdi.  Siz bankın kreditindən istifadə edirsiniz, öz vəsaitiniz başqa bir bankda əmanət kimi qalır və sizə pul gətirir.

Bizim əksər banklarda güzəşt müddəti 30-45 və nadir hallarda 50 günə çata bilər. Adətən, bu müddət iki hissəyə ayrılır, pulu xərclədiyiniz dönəm və ödənişi geri qaytarmalı olduğunuz dönəm.

Güzəşt müddəti = təqvim ayı +10 gün

Əksər banklarda məhz bu metod tətbiq edilir. Bu metoda əsasən, güzəşt müddətinin maksimum müddəti 40 gün edir. Təbii ki, bu günlərin sayı daha az - 10-15 gün də ola bilər.  Əgər növbəti ayın 10-a qədər siz borclandığınız məbləği tam geri ödəməsəniz, sizə ödənişi etdiyiniz andan etibarən gündəlik faizlər hesablanacaq. Əgər məbləği tam ödəyə bilmirsinizsə, onda müqavilə şərtlərindən asılı olaraq məbləğin müəyyən hissəsini və ya aylıq faizləri banka ödəməli olacaqsınız ki, faizlər hesablanmasın.

Məsələn, Bolkartla partnyor olmayan dükanlarda istifadə edilən məbləği gələn ayın 10-a qədər faizsiz geri ödəyə bilərsiniz. Növbəti ayın 10-na qədər ödəməsəniz, hər ayın 11-dən etibarən qalıq borc məbləğinə müqavilədə göstərilən həcmdə (2,5%) əlavə komissiya hesablanır və hesablanmış komissiya növbəti ayın 10-na qədər tam ödənilməlidir. Bu zaman sizin bankdakı kredit tarixçəniz korlanmır və kartın bitmə müddəti, üstəgəl 12 ay ərzində siz borc öhdəliyinizi bağlamalısınız. 

Nümunə:

1 mart: siz kredit kartı ilə soyuducu alırsınız, dəyəri təqribən 600 AZN edir.

1 aprel-də sizə sms məlumat gəlir ki, sizin 600 AZN borcunuz var, ya onu tam olaraq ödəməlisiniz, ya da sizə cərimə ödəməmək üçün lazım olan minimal ödəniş məbləği göstəriləcək.

1 mart – 10 aprel: Sizin güzəşt müddətiniz təşkil edir.

Bütün borcu ödəyə bilmədikdə sizə ödənişi etdiyiniz gündən illik faizlər hesablanmağa başlayır. Bu faizlər isə bankdan asılı olaraq, 16-30% arasında dəyişə bilər. Əgər minimal ödəniş etməsəniz, bu zaman sizə cərimələr hesablanacaq.

Banco.az sizə güzəşt müddətindən istifadə edərək, borcunuzu tam geri ödəməyi tövsiyə edir. Əks təqdirdə borclanmadan və faizlərin toplanmasından qurtula bilməyəcəksiniz.

Güzəşt müddəti = hesablaşma ayı+ 10 gün

Kredit kartından istifadə zamanı siz mütəmadi olaraq, hesab faktura əldə edirsiniz və burada sizin etmiş olduğunuz bütün ödənişlər və nağd çıxırılışlar əksini tapır. Yəni, həmin hesab müddətini və hesab fakturanın kəsilmə müddətini özünüz əvvəlcədən bank ilə razılaşdırırsınız. Məsələn, bu, ayın əvvəlinə, ortasına və ya sonuna təsadüf edə bilər. Tutaq ki, sizin seçdiyiniz müddət ayın 15-nə təsadüf edir. Deməli, hesab müddəti  bir ayın 15-dən digərinin 15-nə qədər olan müddəti əhatə edir. Bu zaman yenə bankın şərtlərindən asılı olaraq, sizə 10, 20 gün hesab və ya daha çox, maksimum isə 40 gün güzəşt müddəti düşə bilər. Hər şey etdiyiniz ödənişin ayın hansı gününə və hesab faktura gününə nə qədər yaxın olmasından asılı olaraq müəyyən olunacaq.

Məsələn,

Bankdan hesab faktura hər ayın 3-də gəlir.

Siz martın 1-də 600 AZN-ə soyuducu alırsınız.

Martın 3-də hesab faktura kəsilir və sizə bildiriş gəlir. Siz 600 AZN-i ayın 13-ə qədər ödəməlisiniz ya da minimal ödəniş etməlisiniz.

Bu halda sizin güzəşt müddətiniz cəmi 12 gün olur.

Amma siz ödənişi martın 4-də etsəydiniz, onda növbəti ayın (aprelin) 3-dən 13-ə olan müddətdə qədər həmin soyuducunun haqqını faizsiz ödəmək şansınız olacaqdı.

Banco.az məsləhət görür ki, hesab fakturalara qarşı diqqətli olasınız. Onların dövrünü öz aylıq gəlirlərinizi əldə etdiyiniz dövrə müvafiq təyin edəsiniz. Hesab fakturalarda göstərilən güzəşt müddətlərinə qarşı həssas olun.

Güzəşt dövrü = təqvim ayı + növbəti ay

Ən sərfəli kredit üçün müraciət et

Bu sxemin tətbiqi zamanı güzəşt dövrünün müddəti 60 günə çata bilər. İlk ay ərzində siz kredit kartı vasitəsilə alış-veriş edirsiniz. Lakin növbəti ay siz alış-veriş məqsədilə kartdan xərclədiyiniz pulu tam şəkildə ödəməlisiniz. Diqqətdən qaçırmayacağınız nüans isə ondan ibarətdir ki, əvvəlki aya görə ödənilməmiş borcunuz olduğu təqdirdə, siz növbəti ay müddətində güzəşt periodunun imkanlarından istifadə edə bilməzsiniz.

Məsələn,

1 mart-1 aprel: siz 200 manat məbləğində alış-veriş etmisiniz.

1 mart-1 may: bankla tam hesablaşmaq üçün müəyyən edilmiş güzəşt dövrü.

Əgər siz aprel ayının 5-də kartdan 100 manat götürsəniz, o zaman bu məbləğə güzəşt dövrü şamil edilməyəcək. Siz yalnız aprel ayında bütün borclarınızı (yəni, mart ayı ərzində 200 manatı və aprel ayı ərzində 100 manat və üstəlik faiz dərəcələrini) ödəməklə, may ayından etibarən yenidən güzəşt dövrünün imkanlarından istifadə edə bilərsiniz.

Məsləhət:

Kart üzrə krediti vaxtında ödəmək üçün hər ayın son günlərinə özünüz üçün xatırlatmalar qoyun. Bununla yanaşı, kreditin ödənilməsi zamanı arzuolunmaz faiz dərəcələrindən uzaq durmaq üçün bankın əməkdaşlarından biri ilə əlaqə saxlayaraq, borcunuzun məbləğini dəqiqləşdirin.

Güzəşt dövrü = kreditlə edilən ilk alış-verişin tarixi +

Bəzi banklarda güzəşt dövrü hesabat dövrünün və ya təqvim ayının əvvəlindən deyil, kredit kartı üzrə əməliyyatların həyata keçirildiyi vaxtdan etibarən hesablanır. Bu müddət orta hesabla 50 gün davam edir. Həmin müddətin 30 gününü hesablaşma dövrü, 20 gününü isə ödəniş dövrü təşkil edir.

Məsələn,

14 mart-16 aprel: siz 200 manat məbləğində alış-veriş etmisiniz.

14 mart-26 aprel: güzəşt dövrü.

Kredit üzrə faizlər hesablanmasın deyə 26 aprel tarixinə qədər istədiyiniz gün ərzində mövcud borcu tam məbləğdə ödəməyiniz tələb olunur.

Məsləhət:

Unutmayın ki, güzəşt müddəti uzun olsa da, hər ay minimal ödənişin həyata keçirilməsi zəruridir.

Sabit güzəşt dövrü

Sabit güzəşt dövrü hər alış-veriş üçün ayrıca olaraq, müəyyən edilir. Bir qayda olaraq, onun davamiyyət müddəti 30 gündən çox deyil. Bu tip sxem, əsasən, nisbətən ucuz kartlar üçün xarakterikdir.

Məsələn,

1 mart: siz supermarketdən 300 manat məbləğində alış-veriş etmisiniz.

1 mart-30 mart: sizin üçün müəyyən edilən güzəşt dövrüdür.

4 mart: siz kredit kartı vasitəsilə 150 manat dəyərində mobil telefon əldə etmisiniz.

4 mart-3 aprel: sizin telefon borcunuza görə müəyyən edilmiş güzəşt dövrüdür.

Məsləhət:

Kartla etdiyiniz alış-verişlərin tarixlərini yada saxlayın. Bu, sizə bank tərəfindən müəyyən edilmiş müddətə daha hazırlıqlı olmağa imkan verəcək. Əks təqdirdə, faiz dərəcələrindən yaxa qurtarmaq mümkün deyil. Unutmayın ki, güzəşt dövrü - hər iki ucu iti olan bıçaq kimidir. Kredit müqaviləsinin şərtlərini diqqətlə nəzərdən keçirməklə siz özünüzü ziyandan qoruya bilərsiniz.  Məhsul haqqında məlumatla tanış olun və sizin kartınız üçün nəzərdə tutulmuş güzəşt müddətinin məhz hansı sxem əsasında tətbiq edildiyindən xəbərdar olun. Hər zaman diqqətli olmağa və kredit kartı üzrə borclarınızı zamanında ödəməyə çalışın.

Sevinc İbadova & Könül Soltanova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et