“Karqoda malların gecikdirilməsi ola bilməz. Bilmirəm söhbət hansı şirkətlərdən gedir, amma məsələ ilə bağlı fakt olarsa biz bunu araşdırarıq”.
Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.
Komitə sədrinin sözlərinə görə, idxalın demək olar ki, bütün sahələrini əhatə edən mallar qısa idxal bəyannamələrinə uyğunlaşdırılır.
“Həmin bəyannamələrə uyğun olaraq da fiziki və hüquqi şəxslər gömrük anbarlarına gələrək öz adlarına bəyan etdikləri mallarını rəsmiləşdirərək götürə bilərlər. Bu səbəbdən gecikmə hallarının mümküm olma ehtimalı bizə real görünmür. Əvvəlki hallarda bəlkə də ola bilərdi, amma indi karqoda malların gecikdirilməsi, sıxlığı baş verə bilməz. Əvvəl bir karqoda malı olan 20 adamdan birinin problemi olanda qalan 19 nəfər gözləməli olurdu” – deyən komitə sədrinin sözlərinə görə, artıq belə deyil:
“Hər kəs öz malını bəyan edərək, müvafiq rüsumu ödəyir və malını götürür. Hansı karqo şirkəti ilə bağlı gecikmə məqamları yaşanıbsa, bizə məlumat verin araşdıraq”.
Modern.az