“Kapital Bank ASC”nin 31 dekabr 2016-cı il tarixinə maliyyə nəticələri məlum olub. Bank, bu göstəriciləri rəsmi saytında yayımlayıb.
Banco.az bankın rəsmi maliyyə məlumatlarına əsasən xəbər verir ki, 2016-cı ilin yekununda bankın ümumi mənfəəti 68 mln. 322 min 480 manat, vergilər çıxıldıqdan sonra qalan xalis mənfəəti isə 52 mln. 384 min 850 manat təşkil edib.
Bankın xalis mənfəəti 2016-cı ilin 30 sentyabr göstəriciləri ilə müqayisədə 26% çoxdur.
2015-ci ilin yekunu ilə müqayisədə isə bankın xalis mənfəəti 15,4% azalıb. Qeyd edək ki, 2015-ci ilin yekununda bankın xalis mənfəəti 61 mln. 924 min manat təşkil edirdi.
Kapital Bankın "Mənfəət və zərər hesabat"ına əsasən bankın faiz gəlirləri 210 mln. 392 min 970 manat, faiz xərcləri 86 mln. 22 min 540 manat, xalis faiz gəliri isə 124 mln. 370 min 430 manat təşkil edib.
Eyni dövrdə qeyri-faiz gəlirləri 126 mln. 196 min 60 manat, qeyri-faiz xərcləri isə 116 mln. 78 min 310 manat həcmində olub.
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) 66 mln. 14 min 240 manat qeydə alınıb.
“Kapital Bank” ASC-nin səhmlərinin 99.87%-i "Paşa Holdinq"-ə aiddir. Bankın nizamnamə kapitalı 185 mln. AZN-dir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.